Mütaliə mədəniyyətinin nitq qabiliyyətinin inkişafına təsiri

A- A A+

İnsanlar öz təcrübələrini, biliklərini qoruyub-saxlamaq və gələcək nəsillərə ötürmək, təbliğ etmək məqsədilə yazını və kitabı kəşf ediblər. “Kitab bilik mənbəyidir” - deyənlər yanılmır. Kitab özündə informasiya yükü, təcrübə və biliklər toplayan mənəvi xəzinədir. Mütaliə isə bu mənəvi sərvəti öyrənmə və mənimsəmə vasitəsidir. Oxuduğumuz bədii ədəbiyyatlar, universal kitablar olan ensiklopediyalar, müəyyən sahələrə aid biliklərin əhatə olunduğu dərsliklər və sair məhz biliklərimizi və dünyagörüşümüzü zənginləşdirməyə xidmət edir. Bu baxımdan məlumat və bilik dairəmizi genişləndirmək və inkişaf etdirmək üçün kitabların faydası çoxdur.

Gələcək nəsillərin savadlı, mədəni, ağıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. İnsanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin yüksəlməsinə təsir göstərən bir amil kimi mütaliə insanın dünyagörüşünü artırır. İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə, eyni zamanda, onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və sair məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olmaqla yanaşı, geniş düşünmə imkanına malik olur.

İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf edib. Bütün bunlar bir daha təsdiq edir ki, mütaliə bütün biliklərin əsasıdır.

Tarixi keçmişimiz bu günlə sıx bağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Keçmişin tarixi irsini isə biz tarixə müraciət edib, kitab oxumaqla öyrənə bilərik. Kitaba, mütaliəyə yüksək münasibətin tarixi kökləri daha qədimlərə gedib çıxır. Böyük şəxsiyyətlərin həyatına nəzər saldıqda, mütaliə haqqında çox əhəmiyyətli və maraqlı faktlar meydana çıxır. XII əsr dünya poeziyasının günəşi sayılan böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi elm öyrənməyi hər şeydən üstün tutub, müdrik sözə, müdrik sözləri toplayıb nəsildən-nəslə çatdıran kitaba və bu kitabları qoruyan, saxlayan, oxucuların istifadəsinə verən kitabxanaya hörmət və ehtiramını dəfələrlə bildirib, onların əhəmiyyətini yüksək dəyərləndirib.

Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev də kitaba və mütaliəyə həmişə böyük dəyər verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləyib.

Doğma yurdumuz Naxçıvan Muxtar Respublikasında mütaliənin təbliği istiqamətində görülən işlər təqdirəlayiqdir. Muxtar Respublikamızda təhsil sahəsində görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi intellektual gələcəyimizin daha mükəmməl şəkildə formalaşdırılmasına hesablanmış mühüm bir addımdır. Mükəmməl və hər bir gənc üçün çox vacib olan, gənclərin mənəvi kamilləşməsinə xidmət edən bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır. Çünki burada yer alan əsərlərin hər biri özündə zəngin əxlaqi-mənəvi məziyyət, geniş dünyagörüşü, vətənə məhəbbət hissləri ehtiva edir.

Cəmiyyətdə mütaliə mədəniyyətini formalaşdırmaq prosesinə ilk növbədə ailələrdə və məktəblərdə uşaqların mütaliə həvəsini yüksəltmək lazımdır. “Pedaqoji fikir tarixindən” kitabında V.A.Suxomlinskinin qeyd etdiyi kimi “Məktəb yalnız o zaman əsl mədəniyyət ocağı olur ki, orada dörd pərəstiş olur: Vətənə pərəstiş, insana pərəstiş, kitaba pərəstiş və doğma sözə pərəstiş”.

Mütaliə, tədris, təhsil və tərbiyə bir növ vəhdət təşkil edir. Məncə, bu amillər insanın məktəbə qədəm qoyduğu vaxtdan ömrünün sonuna qədər onu izləyir. Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. İnsan bütün ömrü boyu mütaliə etməlidir. O da həqiqətdir ki, mütaliənin əsasında kitab durur. Ona görə də, uşaqlarda kitabı bütünlüklə oxumaq, onu başa çatdırmaq vərdişi yaradılmalı, həm də onlar həyatın astanasından kitab mütaliəsinə daha çox həvəsləndirilməlidirlər. Kitab ömrün böyük yolunun başlanğıcı rolunu oynayır. Uşaqlarda oxumağa meyil, öyrənməyə həvəs, ətraf mühiti anlamağa maraq da kitablardan başlayır.

Şagirdlərin mütaliəyə həvəsinin artırılması onların bədii-estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edir. Mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına təsir göstərir. Düzgün təşkil edilən və planlaşdırılan mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissi bəxş edir. Mütaliə mədəniyyətinin düzgün təşkili şagirdlərin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsinə vətənpərvər ruhlu, bilikli və savadlı, fəal, sağlam əhval-ruhda tərbiyə olunmuş vətəndaşların yetişdirilməsinə səbəb olur. Şagirdin özünü bir şəxsiyyət kimi təsdiq etməsinə, özünü reallaşdırmasına əlverişli şərait yaradır.

Qeyd etmək lazımdır ki, kitabın tərbiyəedici təsirinin böyüklüyü təkcə məktəb tapşırıqlarının yerinə yetirilməsi ilə ölçülmür. Buna görə də şagirdlər dərsdən sonra, xüsusən də, asudə vaxtlarında müəllimlərin tövsiyə etdikləri və onları maraqlandıran kitabları oxumalı, müstəqil bilik əldə etməlidirlər. Mütaliə edərkən şagirdlər eyni zamanda öz idrak maraqlarını təmin edir, mənəvi və estetik zövqlərini zənginləşdirirlər. Bu işdə məktəb kitabxanası məktəblə eyni məqsədə xidmət edərək ailənin və məktəbin əsl köməkçisi kimi çıxış etməlidir.

Deməli, bu gün müasir texnologiya vasitələri, internet resursları insanları maarifləndirmək, məlumatlandırmaq baxımından nə qədər aktual olsa da, heç bir kəşf kitab qədər praktik, kitab qədər zəngin ola, kitab qədər insanın mənəvi və fiziki sağlamlığının keşiyində dura bilməz. Bir insanın həyat, cəmiyyət haqqında ətraflı biliklərə yiyələnməsində mütaliənin çox böyük əhəmiyyəti vardır. Görkəmli fransız yazıçısı Deni Didro deyirdi: “Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz”. Doğrudan da, ən dərin, əhatəli bilik, elmi dünyagörüşü məhz mütaliə yolu ilə yaranır.

Bugün ümumtəhsil məktəblərimizin kitabxanalarında doğma dildə istənilən qədər maraqlı, məzmunlu, oxunaqlı kitablar tapmaq olur. Onların hər biri elmin yolları ilə irəliləyən gənclərimiz üçün mayakdır. Kitabı sevmək, onu oxumaq zamanın tələbidir. Unutmaq olmaz ki, mütaliə insanı kamilləşdirir, onu öz vətəninə layiq vətəndaş kimi yetişdirir. Vaxt gözləmir, mütaliə gecikməyi sevmir...

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: