Xarici ölkə universitetlərinin malik olduğu təcrübəni öyrənmək üçün mütəmadi olaraq Naxçıvan Dövlət Universitetinə professorlar, müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər dəvət olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Respublikası Ərzincan Binəli Yıldırım Universitetinin professoru Vahdet Gülün iştirakı ilə universitetin Tibb fakültəsinin professor müəllim heyəti, həkim-rezident və tələbələri üçün “Psixiatriya” fənnindən onlayn seminar-treninq keçirilib. Azərbaycanın digər rayonlarından da tələbələr daxil olmaqla İran, Türkiyə, Nigeriyadan olan əcnəbi tələbələrin də qatıldğı treninqdə 150-dən çox iştirakçı olub. Seminarı giriş sözü ilə açan rektor Elbrus İsayev əhalinin maarifləndirilməsi, insanların psixoloji savadlılığının önəm kəsb etdiyi bir dövrdə tələbə-gəncliyin də bu cür treninqlərdə iştirakının vacibliyi vurğulanıb. Keçirilən mühazirələrin, treninqlərin davamlılığını təmin etmək üçün bu seminarın əhəmiyyətinin olduqca böyük olduğu diqqətə çatdıran rektor seminarın işinə uğurlar arzulayıb.
Seminar-treninqdə təbabətin digər sahələrindən fərqli olaraq bir qədər kənarda dayanan psixiatriya elminin tarixinə nəzər salınıb, psixi xəstəliklər haqda ətraflı məlumat verilib. Psixiatriyanın aktual məsələləri, müasir dövrdə insanlarda daha çox görünən psixi pozğunluqlar, psixi problemlərin həllinə erkən yanaşmalar müzakirə olunub. Uzman-həkim Covid-19 virusunun insanlara psixoloji təsirindən də danışıb. Qorxu və həyəcanın davamlı bir problemə səbəb olacağını söyləyən uzman psixoloq bildirib ki, həyəcan virusun özündən belə daha təhlükəli və zərərlidir.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, aparılan müzakirələr treninqi daha maraqlı və yaddaqalan edib.
Qeyd edək ki, Ərzincan Binəli Yıldırım Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında tələbə və müəllim mobilliyi, ikitərəfli əməkdaşlıq mövcuddur. Bu müqaviləyə görə fakültənin hər il 25-30 nəfərlik heyəti yay istehsalat təcrübəsini bu universitetin xəstəxanalarında keçirlər.
Səadət Əliyeva