COVID-19 pandemiyası dövründə AMEA Nəsimi adına Dilçilik İnstitutun əməkdaşları elmi fəaliyyətlərini sosial təcrid şəraitində davam etdirirlər.
İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Müasir Azərbaycan dili şöbəsinin əməkdaşları “Müasir Azərbaycan dilinin qrammatikası”nın yeni akademik nəşri üzərində tədqiqat işləri aparırlar. Sonuncu dəfə 1970-80-ci illərdə iki cilddə çap olunan, fonetika, leksika, morfologiya və sintaksis bölmələrindən ibarət akademik nəşr əsas götürülüb, bir sıra dəyişikliklər, indiyə qədər işlənilməyən mövzular daxil edilib. Şöbə müdiri, professor İsmayıl Kazımovun rəhbərliyi və bütün əməkdaşların gərgin əməyi nəticəsində dörd cilddə planlaşdırılan “Müasir Azərbaycan dilinin qrammatikası” kollektiv monoqrafiyanın birinci cildi – Fonetika hissəsi çapa tam hazırlanıb, ikinci cild – Leksika hissəsi üzərində tədqiqatların əsas hissəsi yerinə yetirilib. Kollektiv monoqrafiyanın Leksika hissəsinin “Azərbaycan dilinin leksikası” bölməsini institutun qocaman əməkdaşı, professor Qara Məşədiyev hazırlayıb. Ümumiyyətlə, yeni qrammatikanın hazırlanmasında institut əməkdaşları ilə yanaşı, respublikanın ayrı-ayrı təhsil elm və təhsil mərkəzlərində fəaliyyət göstərən dilçi alimlər də cəlb olunublar.