Evdə qal, təhsilsiz qalma - FOTOLAR
Muxtar respublikada məktəblərin müvəqqəti bağlanmasına baxmayaraq bütün ümumtəhsil məktəblərində müəllimlər müxtəlif proqramlar vasitəsilə şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytında şagirdlərin ev şəraitində öz biliklərini daha da təkmilləşdirilməsi üçün zəruri şərait yaradılıb. Belə ki, tehsil.nmr.az saytında video dərslər, vizuallaşdırılmış dərslər, elektron dərslik bölmələri üzrə keçidlər yaradılıb və bu bölmələrdə gündəlik dərslər yenilənir.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, şagirdlərin istedadlarının üzə çıxarılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən vaxtaşırı müxtəlif istiqamətlərdə yaradıcılıq müsabiqələri təşkil edilir. Məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsi, onları müxtəlif fəaliyyətlərə cəlb etmək, heykəltəraşlıq üzrə istedadlarını aşkara çıxarmaq məqsədilə Nazirlik tərəfindən “Evdə qal, yaradıcılıqdan qalma!” devizi ilə aprelin 25-i Təhsil Nazirliyinin instaqram səhifəsində məktəblilər arasında “Plastik obrazlar” mövzusunda virtual heykəltəraşlıq müsabiqəsi elan edilib. Müsabiqə mayın 4-dək davam edəcək.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümtəhsil məktəblərinin şagirdləri arasında mayın 12-dək davam edəcək olan “Naxçıvan – mənim doğma diyarım” onlayn şeir müsabiqəsinin keçirilməsinə də start verilib. Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin instaqram səhifəsində virtual qaydada təşkil olunur. Naxçıvan Muxtar Respublikasının inkişafını, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən mövzularla bağlı keçirilən müsabiqədə bütün yaş kateqoriyalarına aid şagirdlər iştirak edə bilər. Müsabiqənin şərtlərinə görə, şagirdlər tərəfindən yazılan şeirlər 3-5 bənddən çox olmamalıdır. Müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Ötən tədris ilindən başlayaraq məktəb dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin iştirakı ilə müzakirələr keçirilib. Müzakirəyə çıxarılmış dərsliklərlə bağlı irad və təkliflər ümumiləşdirilib, hazırlanmış yekun rəylər dərsliklərin təkmilləşdirdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilib.
Yenidən nəşri nəzərdə tutulan I, V və IX sinif dərliklərinin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirələrin ikinci mərhələsi isə onlayn qaydada həyata keçirilir. Aprelin 28-dən başlayan müzakirələrdə ilk olaraq V və IX sinif “Azərbaycan dili” və “Ədəbiyyat” fənləri üzrə dərsliklərin müzakirəsi keçirilib. Qeyd edək ki, digər dərsliklərin müzakirəsi mayın 8-dək yekunlaşacaq.