Naxçıvanda turizmlə bağlı telekonfrans:Koronavirus pandemiyasından sonra turizmdə görüləcək tədbirlər və fürsətlər - FOTOLAR
“Naxçıvan” Universitetinin təşkilatçılığı ,Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Türkiyənin turizmçi alimlərinin iştirakı ilə “Koronavirus pandemiyasından sonra turizmdə görüləcək tədbirlər və fürsətlərin araşdırılması: Naxçıvan modeli” mövzusunda telekonfrans keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, telekonfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirib ki, dünyada geniş yayılmış pandemiyaya qarşı muxtar respublikada çox ciddi mübarizə tədbirləri görülüb və nəticədə virusun yayılmasının qarşısı alınıb. Həmçinin Naxçıvanda infrastruktur tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi, sənaye müəssisələrinin ekoloji təmizliyə cavab verməsi və digər vacib amillər koronavirus sonrası iqtisadiyyatın, turizmin bərpasında xüsusi əhəmiyyət daşıyacaq. Naxçıvan Muxtar Respublikasında turizmin bütün sahələri, xüsusilə, səhiyyə və dini turizmin inkişafı üçün bütün lazım olan potensial var.
Onlayn konfransda İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin “Koronavirus sonrası Naxçıvan turizminin strateji təhlili”, “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun “Koronavirusla mübarizədə Naxçıvan modeli: Sosial, iqtisadiyyat və turizm sahələrinə təsiri” Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Naxçıvan Muxtar Respublikasının turizm potensialı və koronavirus pandemiyasından sonrakı dövrdə bu potensialdan ən səmərəli istifadə imkanları” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, ümumilikdə görülən qabaqlayıcı tədbirlər və vaxtında atılan addımlar belə deməyə əsas verir ki, koronavirus pandemiyasından sonrakı dövrdə Naxçıvan Muxtar Respublikasında turizm sahəsi öz əvvəlki vəziyyətinə qayıdacaq və turist axını dinamik artımla davam edəcək.
Daha sonra mövzuyla bağlı Türkiyənin İstanbul Universitetinin dosentlərinin və “ Naxçıvan” Universitetinin əməkdaşlarının çıxışları dinlənilib, muxtar respublikaya turistlərin cəlb olunmasının alternativ yolları müzakirə olunub. Sonda telekonfrans iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov