Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, ədliyyə orqanlarında və Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqələrə sənəd qəbulu davam etdirilib. Namizədlər müsabiqələrdə iştirak etmək üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlmədən “şəxsi kabinet” vasitəsilə onlayn qaydada qeydiyyatdan keçə bilərlər.
Həmçinin, ay ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vakant sektor müdiri vəzifəsinin tutulması üçün 1 nəfərin iştirakı ilə test imtahanı keçirilib. Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 8 daxili müsahibədə Komissiya əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilib. Ötən ay Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında olan 23 namizəddən 1-i işlə təmin olunub.