"Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur:
“Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).
Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.