NDU beynəlxalq əhəmiyyətli onlayn konfransda iştirak edib - FOTOLAR
Naxçıvan Dövlət Universiteti onlayn təlim və tədris üsullarına dair beynəlxalq əhəmiyyətli onlayn konfransda təmsil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi “İngilis dili və Tərcümə” kafedrasının müəllimi Aidə Cəlilzadə təmsil edib. Xəzər Universitetinin təşkil etdiyi konfransda İngiltərə, Finlandiya, İspaniya, Macarıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycanın bir sıra universitetlərindən olan professorlar müəllim heyəti də iştirak edib. Konfransda “COVİD-19” virus infeksiyası ilə əlaqədar olaraq dünyanın əksər ölkələrində yaranmış təlim-tədris problemləri, onlayn təhsilə keçid, mövcud durumla bağlı hər bir ölkənin qəbul etdiyi təhsil platformaları müzakirə edilib.
Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə qeyd edib ki, ali təhsil ocağında elektron dərslər artıq müəyyən bir ardıcılıq və sistem üzrə həyata keçirilir. Məsafədən təhsilin onlayn forması ilə bərabər offlayn formasının mövcudluğundan danışılıb. KOİCA şirkəti tərəfindən Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin idarəolunması sistemi (Learning Management System) haqda ətraflı məlumat verilib. Vurğulanıb ki, bu sistem vasitəsilə tələbələrə mühazirələr, video dərslər, sərbəst iş mövzuları çatdırılıb. Diqqətə çatdırılıb ki, sistemdə həmçinin tələbələrin öyrənməsinə nəzarət və onları qiymətləndirmək üçün test və ya açıq tipli sualların verilməsi də həyata keçirilir.
Konfransda tərəflər tələbələrin onlayn tədrisə cəlb olunması istiqamətində aparılan işlərdən danışıblar. İngilis dilində edilən təqdimatlar Xəzər Universitetinin rəsmi Facebook səhifəsindən canlı yayımlanıb. Qarşılıqlı fikir mübadiləsi şəklində aparılan görüşdə suallar cavablandırılıb. Konfrans 3 plenar iclasda öz işini davam etdirib.
Səadət Əliyeva