Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku” yarışı - FOTOLAR

A- A A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku” təşkil olunub. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarışa Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə start verilib. Firudin Qurbanov müraciətində ulu öndər Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişafı ilə bağlı gördüyü işlər, bu sahəyə göstərilən dövlət qayğısı, mövcud vəziyyətlə əlaqədar onlayn platforma üzərindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzu edərək turniri açıq elan edib.

9-10 may tarixlərində www.chess.com  internet portalı üzərindən 17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışda iştirak üçün 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustası qeydiyyatdan keçib. Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri və onlayn Qran-pri turnirinin final mərhələsinin iştirakçıları olmaqla ümumilikdə 37 şahmatçı təmsil edir.

Oyunlar seçmə və final olmaqla 2 mərhələ üzrə keçirilir. Yarışın ilk günü seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar yarışıb. Final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparır. Final mərhələsinin oyunlarının “İdman Azərbaycan” kanalında canlı yayımı nəzərdə tutulur.

Təhsil Nazirliyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə təşkil olunan yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, onlayn platforma üzərindən təşkil olunan şahmat üzrə “Beynəlxalq təhsil kuboku”nun keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dünyada koronavirus (COVD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasıdır.

Onlayn “Beynəlxalq təhsil kuboku”na dair müvafiq məlumatlara dair linklər Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: