Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılıb. Təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2015-ci ilin sentyabrın 15–i Bilik günündə fəaliyyətə başlayan liseyi beş il ərzində 76 məzun bitirərək respublikanın müxtəlif ali məktəblərinə daxil olub. 28 məzunun göstəricisi isə 500-700 bal intervalında olub. Məzunlardan 3-ü qızıl, 1-i gümüş, 14-ü isə fərqlənmə attestatı ilə məktəbi bitirib.
Müasir tədris şəraiti yaradılan liseydə muxtar respublikanın ayrı-ayrı rayonlarından təhsil alan şagirdlər dövlət hesabına yataqxana və yüksək keyfiyyətli yeməklə təmin edilirlər. Burada təhsil iki pillədə - ümumi orta və tam orta təhsil pillələrində aparılır. Həmçinin istedadlı şagirdlər fizika və riyaziyyat fənləri üzrə yüksək səviyyədə hazırlıqla təmin edilirlər.
Hazırda liseydə təhsil alan 237 şagirdin təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Pedaqoji proses “müəllim-şagird” əməkdaşlığı üzərində qurulub. Həmçinin müasir təlim strategiyalarının və çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri burada təlim-tərbiyənin yüksəldilməsində başlıca istiqamətlərdən hesab olunur.
Hər il liseydə təhsil almaq üçün müraciət edən şagirdlərin sayı artmaqdadır. Qeyd edək ki, liseyə qəbul ümumtəhsil məktəblərinin VII sinifində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Hazırda liseyə 2020-2021-ci tədris ili üzrə şagird qəbuluna başlanılıb. 2020-2021-ci tədris ili üzrə 2020-ci il mayın 6-da start verilən sənəd qəbulu mayın 29-dək davam edəcək və 10 iyun 2020-ci il tarixdə test formatında keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.