Rusiya alimləri “ağıllı” qurğuların məlumatlarının şifrələnməsi sxemini yaradıblar. Məqsəd bu qurğuların ötürdüyü informasiyanı başqasının ələ keçirməsindən qorumaqdır.
NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Cənubi Ural Dövlət Universiteti məlumat yayıb. Ali təhsil müəssisəsinin məlumatına görə, “ağıllı” qurğular arasında kommunikasiya prosesinin bədxahlar tərəfindən ələ keçirilməsi riski böyükdür. Məsələn, “ağıllı” elektrik sayğacı evdə işığın nə zaman yandırıldığı və söndürüldüyü barədə informasiya verə bilər. Onu təhlil edən pis niyyətli şəxs ev sahiblərinin mənzildə olmadığı vaxtı müəyyənləşdirər və mənzilə soxula bilər.
Məlumatda bildirilir ki, təhdidlər daha miqyaslı və ciddi ola bilər. Buna görə də mütəxəssislər IoT-un (əşyaların interneti) etibarlı infrastrukturunun layihələndirilməsi üzərində işləyirlər. O, informasiyanın itirilməsi, sistemin xarab olması barədə xəbərdarlıq etməli, məlumatların təhlükəsizliyinin pozulmasının qarşısını almalıdır ki, bütün bunları əvvəlcədən görə bilmək çətindir. Məqsədə çatmaq üçün bir qrup alim məlumatları şifrələmə və “Əşyaların interneti” qurğularından qoruma variantını təklif edib.
Sxemin işlənib hazırlanmasında Cənubi Ural Dövlət Universiteti Ali elektronika və kompüter elmləri məktəbinin alimləri, həmçinin onların Rusiyadan, Çindən və Meksikadan olan həmkarları iştirak ediblər.
Yeni sxemdə məlumatlar bir “buludda” toplanmayacaq. Bu sxem verilənlərin hissələrini müxtəlif sahiblərə məxsus “bulud saxlamalarına” yerləşdirməyə imkan verəcək. Hətta verilənlərin bəzi hissəsini ələ keçirən şəxs həmin hissələrin yığımından informasiyanı əldə edə bilməyəcək. Nasazlıq nəticəsində verilənlərin bir hissəsi tamamilə itsə belə, yeni sxem digər saxlama obyektinə göndərilmiş hissələrdən məlumatları bərpa edə bilər.
Alimlər nasaz şəraitdə, habelə parametr dəyişikliyində bu sxemi yoxlamağı planlaşdırırlar.