NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsində 18 may Muzeylər gününə həsr edilmiş onlayn tədbir keçirilib. Tədbirdə fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov bildirib ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri Məmməd Əliyev diqqətə çatdırıb ki, ilk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başlayıb. Vurğulanıb ki, Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda və Gəmiqayada qayalar üzərindəki təsvirlər sübut edir.
Bildirilib ki, muxtar respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri açılıb, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılıb. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət göstərir .Sonda kafedranın müəllimi Zemfira Seyidovanın muzeylərlə bağlı hazırladığı videoçarxa baxış olub.
Səadət Əliyeva