“Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir”.
Ömər Faiq Nemanzadə
Görkəmli ictimai-siyasi xadim, ədib, publisist, maarifpərvər ziyalı Ömər Faiq Nemanzadənin yaradıcılığı XX əsrin əvvəllərində yalnız xalqın həyat tarixçəsi deyil, həm də bu dövrə qədərki problemlərin məcmuyuna ümumi bir baxışdır. Nemanzadənin yaradıcılığının incəlikləri həm də onu təsdiqləyir ki, o, ötüb keçənlərə deyil, dünəndən bu günə baxır. Böyük mütəfəkkir sanki dünəni bugünləşdirir, dünənə bu günün çalarlarını əlavə edərək sabaha aparır, əbədiləşdirir. Ömər Faiq Nemanzadənin məqalələri, felyetonları, xatirələri XX əsrin əvvəllərinin salnaməsini yaratmaqda, tarixini çatdırmaqda və yazmaqda əvəzsiz rol oynayır.
Demokratik-maarifçi ideyaların yayıldığı dövrdə öz xalqının mənəvi-mədəni cəhətdən oyanmasına can atan Ömər Faiq mətbuatın, məktəbin, elmin, təhsilin nadanlıq və cahilliyə qarşı mübarizəsini zəruri hesab edir və daha çox mətbəə və mətbuat üzərində dayanaraq yazırdı: “...bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik. Ən güclü top və tüfəngdən artıq bizi mühafizə edəcək mətbəə və mətbuatdır” deyir.
Ömər Faiq müəlliflik etdiyi mətbuat orqanları vasitəsilə fikirlərini, ideyalarını xalqa öz doğma dilində çatdırmağa çalışırdı. “Mətbuat dili olmayan bir millətin siyasi vücudiyyəti də olmaz” – deyən Nemanzadə yazır ki, mətbuat xalqın dərdini xalqa deməlidir, zəhmətkeşlərin ağır zəhməti hesabına yeyib yaşayanların mənəviyyat saflığını, mövcud ictimai quruluşun eybəcərliklərini açıb göstərə bilməlidir.
Abbas Zamanov Ömər Faiq haqda yazıb: “Əsrimizin ilk illərindən başlayaraq, Qafqazda və Azərbaycanda mətbuat səhifələrində zülmə və istibdada, cəhalət və mövhümata qarşı ölüm-dirim mübarizələri aparan inqilabçı-demokrat mühərrirlərin sırasında Ömər Faiqin özünəməxsus fəxri yeri vardır” .
Ö.F.Nemanzadənin əməkdaşlıq etdiyi “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə nəşr etdiyi “Qeyrət” mətbəsində, “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti ilə yanaşı müəllimlik peşəsini də əsas fəaliyyət növü hesab edibdir. Ömər Faiq xalqın savadlandırılmasını azadlıq yolunda, özünü dərk və milli oyanış yolunda müəllimliyi əsas şərtlərdən biri hesab edirdi. Yazırdı ki, xalqın savad və mədəniyyət dərəcəsi nə qədər yüksək olarsa, onun azadlıq və yaxşı həyat uğrunda mübarizəsi də o qədər səmərəli olar.
O, 1893-1903-cü illər arasında məktəblər təşkil edərək, Azərbaycanın Şəki, Şamaxı, Gəncə, həmçinin, Tiflis şəhərlərində müəllimlik etməyə başlayır. Belə bir iş o vaxtlar böyük fədakarlıq, mücahidlik, yaradıcı səy tələb edirdi. 1894 -cü ildə Şəkiyə gələrək yerli ziyaların köməyi ilə kiçik bir cəmiyyət təşkil edir. Cəmiyyətin yaradılmasında əsas məqsəd məktəblər açmaq, xalqın balalarını bu məktəbə cəlb etmək idi. Ömər Faiqin xatirələrindən aydın olur ki, uzun söz -söhbətlərdən sonra həmin cəmiyyət Qafqazda ilk Üsuli – Cədid üzrə milli bir türk məktəbi açıbdır.
Tarixən ənənəyə çevrilmiş “əti sənin, sümüyü mənim” valideyn “xeyir-duası”nın bərəkətindən uşaq çox vaxt “ətdən və sümükdən” ibarət barsız ağaca çevrilirdi. Şəki məktəbinin gənc müəllimləri ilk gündən bu ənənəni qırmağa çalışırdılar. Ömər Faiq Nemanzadə təzə açdığı bu üsuli-cədid məktəbində ana dili, tarix, coğrafiya, hesab və imla dərslərini deyirdi ki, bunlar da yeni nəslin formalaşması üçün əsas fənlər idi. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan elmin tərəqqisində geridə qalırdı. Bunun bir səbəbi Rusiya imperiyasının düşünülmüş şəkildə apardığı milli müstəmləkə siyasətindən irəli gəlirdisə, digər səbəbi isə avam xalqın islam dininə kor-koranə baxışından irəli gəlirdi. Ömər Faiq də bunları görərək camaat arasında, mətbuat vasitəsilə geniş təbliğat işi aparır, elmin, maarifin əhəmiyyətini, mədəni yaşayış üstünlüyünü xalqa başa salır və qəflət yuxusundan oyatmağa çalışırdı.
Ö.F.Nemanzadə xalqın tərəqqisini müəllimlərin fəaliyyətində görürdü. O, belə qeyd edir ki, “millətin tərəqqi dərəcəsi müəllimlərin dərəcəsilə bilinər. Demək ki, müəllimlər millətlərinin canlı “qradus”larıdır” . Müəllim körpə balalara vətənin hər daşını, qayasını, yarpağını, küləyini sevdirməklə yanaşı düşmənlərinə qarşı amansız nifrət hissi aşılaya bilər . Bu fikirlə bağlı Nemanzadə yazırdı: “Müəllim məsələsi yalnız bizim deyil, hər millətin ölüm-dirim məsələsidir, bir ovuc ingilislərin topsuz, tüfəngsiz dünyanın yarısına sahib olmaları, Misirdəki və ya Hindistandakı bir neçə piyan əsgərlərilə deyil, Londondakı müdir, alim, durbin və fədakar müəllimlərilədir. İşin iç üzünə baxmaq istəyənlərə məlumdur ki, rusları pərişan edən cahil rus generallarını basan yapon müəllimləri, yapon müəllim əsgərləri idi. Bilməm bir vaxt hansı qəzetdənsə oxudum: yapon davasından bir neçə il əvvəl, Yaponiyadakı rus səfiri bir bağda qonaqlıq verir. Qonaqlıq münasibətilə, o bağa gələn yapon ibtidai məktəb uşaqlarına da çay verirlər. Uşaqlar çayı içən arada xəbərdar olurlar ki, çay rus səfiri tərəfindən verilib, bunu duyan kimi uşaqlar: “Biz, bizə düşmən olanların çayını içmirik...” deyib çayları buraxırlar” .
Köhnə həyat və geriliyin kəskin tənqidi Ömər Faiq Nemanzadənin publisistikasında da geniş əks olunur. “Ömər Faiqin publisistik əsərləri üçün səciyyəvi olan ilk böyük keyfiyyət ideyalılıqdır, özü demişkən məsləkdir, məsləklərindən yaranan ideyalılıqdır. O, əqidəni, məsləyi yalnız yazıçılar, siyasət adamları, jurnalistlər üçün deyil, bütün vətəndaşlar üçün zəruri bir keyfiyyət hesab edir. Nemanzadə xalqın azadlığı, tərəqqisi, səadəti yolunda mübarizə etməyi bacaran adamları ideal dərəcədə sevir və çalışırdı ki, yeni nəsil bu cür tərbiyə olunsun, yəni məsləkli və əqidəli olsun” [6, s.18]. Maraqlıdır ki, Ömər Faiq Nemanzadə yüksək ideallardan və qayələrdən ehtikar edən boşboğazlarla həqiqi məsləkli mübarizələr arasında dərin fərq görürdü. Bu, əslində əxlaq məsələsidir. Heç şeyə inanmadan və ya nanəcib məqsədlərlə ortalığa atılanlar həmişə yüksək məfhumları oyuncağa çevirirlər, yəni əxlaqi normaları qəbul etmirlər. Belələri hər məsələ barədə əllaməlik etməyi, hər addımbaşı lovğalanmağı sevərlər, utanmadan şairə şeir, dramaturqa dram, bəstəkara opera yazmaq öyrədir, əslində isə hamısına mane olurlar. Onlar daha “yüksək tələblərlə” ortalığa atılsalar da əslində oradan-buradan sözlər əzbərləyib, hazır fikirlər və düsturlarla silahlanmış deletantlardır. Nemanzadə bu cür adamları boşboğaz adlandırıraq göstərirdi ki, “Öz-özümüzə balta vurmağımızın təqsiri yalnız camaatımızda deyil, bəlkə beş-on manat məvacib-aylıq alan elmsiz, hünərsiz, başı sarıxlı qulluqçularımız ilə başı qaqaretli həmiyyətsiz qara qarğalarımızdadır. Bu kimilərin köhnə idarə istəmələrinə səbəb məhz özlərinin iki qəpiklik şəxsi mənfəətləri olduğunu camaatımız başa düşməlidir. Daha bəsdir, müftəxorlarla, dinini, millətini iki qəpiklik xeyrə satanlara boyun əymək! Nə vaxta qədər ümumi və milli nəfimizi buraxıb bəzi sədrdə əyləşən, minbərə çıxan, qaqaret taxan həmiyyətsizlərin keflərinə qulluq edəcəyik. Biz də insanıq! Biz də bir millətik! Nə vaxta qədər xeyir və şərimizi qanmayacağıq?” .
Beləsinin işi-peşəsi nə olacaq? Bir adam ki, özü bacarıqsız ola, yaxud bacarığı olduğu halda düz yol tutmaya, onun-bunun və xüsusən iş görənlərin paxıllığını çəkə, onun işi nə olar? Sənəti nə olar?
Ömər Faiq sualı cavablandıraraq göstərirdi ki, “Hər kəs mənsub olduğu camaatın azadlığı və səadəti yolunda qanlar tökdükləri halda, bir baxın bizim camaat rəhbərləri nə cür cəfəng, müstəbid, zülmlü qərardadlar ilə camaatın hüriyyətinə mane olmaq istəyirlər? İnsan yanıb-yaxılır ki, rəhbərlərimiz “yadullahü məəl-cəmaətə” (Allahın əli camaatladır – H.H.) hikmətini bizə minlərcə əlavələr ilə anladıb camaat qüvvətinin hər cür müvəqqəti-cəbbaranə, zalimanə qüvvətlərdən artıq və daimi olduğunu bildirəcəkləri yerinə, məqami-rəyasətdən bizə misginanə vəz edirlər” . Belə fitnəkarlara müəllifin qəzəbi o qədər böyükdür ki, hətta onlara qarşı “ağızlarını açan kimi ağızlarından vurmaq” kimi amansızlıq dərəcəsinə çatan tədbirlər irəli sürür. O yazırdı: “Camaatımızın, yəni yaxşı ilə pis barəsində dürüst etiqadı olan camaatımızın borcu odur ki, həmin müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarına vursun, onlara yol verməsin, qudurtmasın və bu yol ilə onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun, amma bunun üçün yaxşıya və yamana etiqad lazımdır ki, boşboğazların fikri həmin dəm aşkar olsun”.
Ömər Faiq Nemanzadə bu tip yazılarında incə və maraqlı bir məsələyə də toxunur. O da işi bilənə tapşırmaq məsələsidir. Bəzi insanlar xeyir vermək istədikləri yerdə, yəni niyyətləri yaxşılıq olduğu halda işdə, əməldə zərər verir, pislik edirlər. Bu o zaman olur ki, başa düşmədikləri, qətiyyən xəbərdar olmadıqları işdən yapışırlar. Məlumdur ki, elə sahələr və sənətlər var ki, onlar hər bir adamdan müəyyən hazırlıq, müəyyən əqli inkişaf və professional səviyyə tələb edir. Məsələn, arabaçıya maşın sürməyi, qəssaba həkimliyi tapşırmaq olmaz, bunun üçün hər adamdan mütləq müəyyən hazırlıq tələb olunur. Naşı, hazırlıqsız, savadsız, elmsiz adamlar ixtisas və fikri səviyyə istəyən məsələlərin həllinə girişsə, bu məsələlərin taleyi elələrindən asılı olsa – qarma-qarışıqlıqdan başqa bir vəziyyət yarana bilməz. Bunu nəzərə alaraq Ömər Faiq yazır: “Zəmanəmizin ehtiyac gördüyü məsələlərdən... məcmuələr yazıb “Molla Nəsrəddin” və ya “Qeyrət” mətbəəsi idarəsinə göndərsinlər. Biz hər kəsin kitabını öz xərcimiz ilə çap edib nəşr edirik” .
Ömər Faiq Nemanzadənin müəllimlik və maarifçilik təcrübəsinin təbii məntiqi nəticəsi olaraq müsəlman dünyasında “Molla Nəsrəddin” jurnalının nəşri və fəaliyyətində misilsiz rolu olubdur. O, 1906-cı ildən 1917-ci ilə qədər “Molla Nəsrəddin” jurnalının məsul katibi vəzifəsində çalışmışdır. Cəlil Məmmədquluzadənin özü Faiq əfəndinin bu sahədəki xidmətlərini həmişə ehtiramla xatırlayırdı .
Göründüyü kimi, Ömər Faiq Nemanzadə xalq kütlələri içərisində maarif və mədəniyyətin yayılması üçün geniş təbliğat işi aparıb, elmin, təhsilin böyük əhəmiyyətindən danışmış, bununla əlaqədar “Molla Nəsrəddin” jurnalında və başqa mətbuat səhifələrində müntəzəm çıxış etib, elm və mədəniyyət naminə görülən bütün tədbirlərin həyata keçirilməsində fəal çalışıbdır.
Yekun olaraq qeyd edək ki, mollanəsrəddinçi Ömər Faiq Nemanzadə Azərbaycan məktəb və pedaqoji fikrin inkişafı tarixində mühüm yer tutan, onun inkişafı yolunda silinməz iz buraxan, çoxşaxəli tarixi xidmətləri ilə metodik fikri irəli aparan şəxsiyyətlərdən olubdur. Onun müəllimlik fəaliyyətində, məktub və publisist yazılarında ana dili haqqında fikirləri və s. kimi ümumi pedaqoji istiqamətlər gələcəkdə də öyrənilməyə layiqdir.
Həsən Hüseynov
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi