“Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda onlayn elmi-praktik konfrans
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda baş tutan konfransda rektor Azad Novruzov bildirib ki, müasir dövrdə psixoloji xidmət bir çox dünya ölkələri ilə yanaşı, respublikamızda da təhsil sisteminin zəruri tərkib hissəsinə çevrilib. Ölkəmizdə psixoloji xidmətin tətbiqi təhsil müəssisələrinin daha səmərəli fəaliyyətinin təmin olunmasında mühüm rol oynayır.
“Muxtar respublikamızda ümumtəhsil məktəblərinin psixoloq kadrları ilə təmin olunması diqqətdə saxlanılıb. 2018-ci ildən etibarən psixoloqların ümumtəhsil müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə aparılır. Hazırda ümumtəhsil müəssisələrində 181 psixoloq fəaliyyət göstərir ki, onun da 38-i müsabiqə yolu ilə işə qəbul olunub”- deyən Təhsil naziri Rəhman Məmmədov bildirib ki, psixoloqlar üçün ümumtəhsil məktəblərində otaqlar ayrılıb. Psixoloq vəzifələrini tutanların əksəriyyəti uzun illərin təcrübəsinə malik olan müəllimlərdir.
Konfransda “Məktəbdə psixoloji xidmətin təşkilinə yeni baxış”, “Psixoprofilaktik işlərin təşkili üzrə işin sistemi” mövzularında çıxışlar olub.
Adilə Səfərova