AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Axtarışlar” jurnalının cari ilə olan ilk sayı işıq üzü görüb.
Bu barədə Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib. 34 tədqiqat işinin yer aldığı yeni sayda “Xalq yazıçısı Hüseyn İbrahimov yaradıcılığı: söz və hikmət xəzinəsi”, “Naxçıvanın teatr fədailəri”, “Qacarlar dövrü qadın geyim ənənəsinin bədii xüsusiyyətləri”,“Naxçıvanda musiqi təhsili sisteminin inkişafı”,“Görkəmli bəstəkar Məmməd Məmmədov” və digər elmi məqalələr əksini tapıb.
Qeyd edək ki, jurnalda AMEA Naxçıvan Bölməsi ilə yanaşı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq sahələrində apardıqları araşdırmalar işıqlandırılıb.