Mərkəzi Elmi Kitabxana “Naxçıvan ensiklopediyası”nın I və II cildlərini elektron formatda təqdim edir
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) “Naxçıvan ensiklopediyası”nın I və II cildlərini PDF formatda oxuculara təqdim edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, ensiklopediya muxtar respublikanın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşrdir. Burada muxtar respublikaya həsr olunan kompleks məqalədən əlavə, diyarın inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü sərvətləri haqqında məqalələr verilib.
Tarixə dair məqalələrdə ən qədim dövrlərdə Naxçıvan ərazisindəki arxeoloji mədəniyyətlərdən, qədim və orta əsr dövrlərindən, tarixi vilayətlərdən, taleyüklü hadisələrdən, müharibələrdən və onları başa çatdıran müqavilələrdən ensiklopedik prinsiplərə uyğun bəhs edilib. Əzəli Azərbaycan torpağı olan Naxçıvan diyarının qədimdən müasir dövrümüzədək ancaq elmə əsaslanan tarixi verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında mühüm hadisə olan “Naxçıvan ensiklopediyası” xalqımızın ümummilli lideri Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində yaradılan Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq ensiklopediyanın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə ensiklopediyanın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb. Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə öz əksini tapıb.
“Naxçıvan ensiklopediyası”nın ikinci nəşri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb.
Aşağıdakı linklərdən istifadə edərək istifadə edə bilərsiz:
1. https://drive.google.com/file/d/12ig69nJ6WLThbC5mFYOTy9uE6nCCXCga/view - Naxçıvan ensiklopediyasi I cild
2. https://drive.google.com/file/d/1mh2KJAY7Ue5dXjUZSpj_XjVLqO9XBUF0/view - Naxçıvan ensiklopediyasi II cild