Yeni ixtira - filloksera ilə mübarizə üsulu - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadəyə və əməkdar kənd təsərrüfatı işçisi, biologiya üzrə fəlsəfə doktoru Oqtay Babayevə “Filloksera ilə mübarizə üsulu” ixtirasına görə Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən patent verilib.
NUHÇIXAN xəbər verir ki, azərbaycanlı alimlərin ixtirasında qeyd olunan üsul kənd təsərrüfatında üzüm tənəyinin zərərvericiləri - fillokseranın yarpaq və kök formaları ilə mübarizə aparılmasında əvəzsizdir. Mikroskopla aparılmış laboratoriya tədqiqatları nəticəsində alınmış cövhər üzüm tənəklərinin yarpaqlarına və kökünə səmərəli təsir göstərə bilər. Belə ki, həmin cövhər vasitəsilə nəsli kəsilməkdə olan üzüm sortlarımızı qorumaq mümkündür.
Ekoloji cəhətdən bir sıra üstünlüklərə malik olan bu üsul ətraf mühiti çirkləndirən zəhərli kimyəvi maddələrdən və pestisidlərdən imtina etməyə imkan verir. Cövhərin hazırlanması nəticəsində alınmış xammaldan daha sonra sideral gübrə kimi istifadə etmək də mümkündür. Alınan cövhər filloksera ilə yanaşı, üzüm tənəyindəki bir sıra digər zərərvericilərin (üzüm və hörümçək toru gənəsi və s.) və xəstəliklərin (mildyu, oidium, antraknoz və s.) də aradan qaldırılmasına kömək edir.
Yeni preparat üzümçülük təsərrüfatı ilə yanaşı, bir sıra kənd təsərrüfatı bitkilərinin (pambıq, taxıl, bostan-tərəvəz və s.) zərərvericilərinə və xəstəliklərinə qarşı da istifadə edilə bilər. Ehtimal olunur ki, yeni alınan cövhər səhiyyə sahəsində də bir sıra xəstəlikləri, o cümlədən xərçəngi törədən virusu məhv etməyə qadirdir.