Maliyyə Tədris Mərkəzinin direktoru onlayn beynəlxalq konfransda iştirak edib - FOTOLAR
Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılıqı ilə 6 ölkədən iştirakçıların qatıldığı “XXI əsrdə beynəlxalq iqtisadi münasibətlərin prioritet istiqamətləri” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda iştirak edən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Naxçıvan Muxtar Respublikasında “Yüngül sənayenin inkişaf strategiyası və keyfiyyət məsələləri” mövzusu ilə çıxış edib. İqtisadçı alim qeyd edib ki, artıq Naxçıvan Muxtar Respublikasında yüngül sənayenin inkişaf yollarının müəyyən edilməsində əsas istiqamətlər istehsalın dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, onun strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasıdır. Muxtar respublika iqtisadiyyatının qədim və ənənəvi sahəsi olan yüngül sənayenin geniş potensiala malik olmasından danışan Sevinc Cabbarova bu müəssisələrin pambıq, yun, ipək (barama) və gön-dəri kimi xammal məhsullarının emalına əsaslandığını vurğulayıb.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələrinin kompleks şəkildə təhlil edilib araşdırılmasıdır.