Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasının 10 illiyi qeyd olunur. 2010-cu il mayın 25-də fəaliyyətə başlayan akademiya Türk dünyasının tarixi, dili, ədəbiyyatı və mədəniyyətini qədim dövrlərdən bu günə qədər tədqiq edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, akademiyanın yaradılması təşəbbüsü 2009-cu ilin oktyabr ayının 3-də Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Akademiya Türkdilli Dövlətlərin elm və təhsil sahəsində əlaqələndirmə və inteqrasiya vəzifəsini yerinə yetirir.
Akademiya türk dövlətlərinin orijinal mənbələr əsasında bəşər sivilizasiyasına verdiyi töhfəni müəyyən etməyə, elmi tədqiqatların əlaqələndirilməsinin unikal mərkəzinə çevrilməyə çalışır.
Beynəlxalq Türk Akademiyası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TürkPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.
Bununla yanaşı, Azərbaycan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Yaponiya, Tatarıstan, Başqırdıstan, Macarıstan, Monqolustanın Milli Elmlər Akademiyaları, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, ABŞ-ın aparıcı universitetləri və elm mərkəzləri ilə də akademiyanın əməkdaşlıq əlaqələri qurulub.
10 il ərzində Avrasiya və Amerika regionlarından olan alimlərin iştirakı ilə 120-dən çox elmi tədbir keçirən akademiya dünyanın bir çox dillərində 170-dən çox yeni elmi iş hazırlayıb nəşr etdirib.
Son bir neçə ildə BTA tərəfindən Yusif Xas Hacibin 1000, Xoca Əhməd Yəsəvinin 850, Qazax Xanlığının 550, Boronbay Biyin 235, Çokan Vəlixanovun 180, Abayın 170 və 175, Əlixan Bökeyxanovun 150, G.Tokayın 130, Z.V.Toğanın 125, Bakı Türkoloji Qurultayının 90, Mağjan Jumabayevin 125, Heydər Əliyevin 95, Çingiz Aytmatovun 80, V.Radlofun vəfatının 100, ilk türk yazılı abidələrinin V.Tomsen tərəfindən oxunuşunun 125, Azərbaycan Xalq Cümhuriyyətinin 100, İmadəddin Nəsiminin 650 illik yubileyləri, Tonyukuk abidəsinin 1300, Türkdilli ölkələrin müstəqilliklərinin 25-ci ildönümlərinə həsr edilən 26 beynəlxalq konqres və forum, 30-dək seminar və dəyirmi masa keçirilib.
“Ortaq türk tarixi” dərsliyinin proqram və layihəsini hazırlayan akademiya “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin konsepsiyası üzərində işləyir.
"Ortaq türk tarixi" dərsliyi artıq Azərbaycan, Türkiyə və Qazaxıstan orta məktəblərində tədris proqramına daxil edilib.
Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini nəzərə alaraq, UNESCO-nun Baş Qərargahında reallaşan beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyi qeyd edilib, Forumun bir paneli bütövlükdə Cümhuriyyətə, onun türk dövlətçilik tarixində oynadığı rola həsr olunub. Eyni zamanda, Cümhuriyyətin qurucularından biri olan Ə.Topçubaşovun anadan olmasının 155 illiyi münasibətilə bütün Forum iştirakçıları onun Paris yaxınlığındakı məzarını ziyarət edib.
2019-cu il aprelin 26-da Qazaxıstanda “Nəsimi ili”nin açılışı olub. Prezident İlham Əliyevin böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə 2019- cu ili “Nəsimi ili” etməsi münasibətilə şairin şeirlərinin bir qismi qazax dilinə tərcümə olunaraq “Mən aləmə sığmazam” adlı kitab çap edilib.
Akademiyanın nəzdində yaradılmış kitabxanda 70 min kitab mövcuddur və muzeydə türk xalqının köklərini alovlandıran eksponatlar nümayiş olunur.
Fəaliyyətini ildən-ilə genişləndirən akademiyaya Özbəkistanın da qoşulması gözlənilir. 2019-cu ildə TDƏŞ-in Bakıda keçirilən VII Sammitində isə Özbəkistan Prezidenti Beynəlxalq Türk Akademiyasına üzv olmaq niyyətlərini bildirib.