Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər fənn üzrə toplanan nisbi ballar cəmlənir. Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.
Ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanı üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.
Xatırladaq ki, buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilib. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.