Dördcildlik müasir Azərbaycan dilinin akademik qrammatikasının birinci cildi çapdan çıxıb.
Kitab AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsi tərəfindən hazırlanıb.
İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu cild “Müasir Azərbaycan dili (fonetika və fonologiya)” adlanır. Kitab dilçiliyin fonetika və fonologiya bölmələrinin ən son nailiyyətləri əsasında yazılıb. Əsərdə ənənəvi fonetika və fonologiya ilə yanaşı, bu sahənin yeni istiqamətlərini əhatə edən funksional fonetika, eyni zamanda, yeni orfoqrafiya qaydaları və prinsiplərinə, morfonologiya, fonosemantika, fonoüslubiyyat və fonosintaksis məsələlərinə ilk dəfə ayrı-ayrılıqda yer ayrılıb.
Nəşrin elmi məsləhətçisi AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, baş redaktoru akademik Möhsün Nağısoylu, buraxılışına məsul professor İsmayıl Kazımov və dosent Nərgiz Hacıyevadır.