Dövlət İmtahan Mərkəzi (DİM) şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək vətəndaşların qəbulunu həyata keçirir. Qəbul mərkəzin Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində DİM-in internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə aparılır.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, son günlər vətəndaş qəbulu mərkəzlərinə edilən müraciətlərin statistikasına əsasən “Şəxsi kabinet”lərinin parollarını itirənlərin sayının çox olduğu müşahidə olunur. “Şəxsi kabinet” yaradılan zaman parol vətəndaşın özü tərəfindən müəyyən edilir və bu məlumatların qorunub saxlanılması, itirilməməsi üçün həmin şəxs özü məsuliyyət daşıyır. İtirilmiş parolun bərpa edilməsi üçün DİM elektron xidmət təqdim etsə də, “Şəxsi kabinet” yaradılan zaman orada qeyd edilməli məlumatların natamamlığına görə insanlar bu xidmətdən yararlana bilmirlər. Bu səbəbdən DİM bir daha tövsiyə edir ki, hər kəs kabineti özü yaratsın və tanımadığı insanlara bu cür xidmətlərdən istifadə üçün müraciət etməsin.
Qeyd olunub ki, belə müraciətlərin çoxluğu hazırda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu üçün yaradılan komissiyaların da fəaliyyətinə mənfi təsir göstərir. Ərizələrini sənəd qəbulu komissiyalarında təsdiq etdirməli olan insanlar vaxtında bu prosesi həyata keçirə bilmirlər. Bununla əlaqədar komissiyaların fəaliyyət müddətinin uzadılması zərurəti meydana gəlib və ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 9-dək uzadılıb (komissyalar şənbə və bazar günləri fəaliyyət göstərmir).
Bildirilib ki, ərizə qəbulunun bitməsinə bir neçə gün qalsa da, I-IV ixtisas qrupları üzrə sənəd verənlərin siyahısı ötən illə müqayisədə bu il daha çoxdur. Belə ki, ötən il qeyd olunan ixtisas qrupları üzrə 67837 abituriyent, bu il isə artıq 68527 abituriyent ərizəsini təsdiq edib.
İyunun 6-da və 7-də imtahan verən abituriyentlər və şagirdlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
İyunun 3-ü saat 17:00-a olan məlumata əsasən, qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 97 faizi, Azərbaycan dili imtahanı verənlərin 51 faizi, 9-cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 86 faizi DİM-in saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.
Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır.