Azərbaycanın dövlətçiliyi qədər, onun beynəlxalq əlaqələri və xarici siyasəti də qədim bir tarixə malikdir. Müxtəlif tarixi zamanlarda bu dövlətçiliyin İranzu, Atropat, Sara xatun, Şah İsmayıl, Əlimərdan bəy Topçubaşov, nəhayət Heydər Əliyev kimi dahi simaları, beynəlxalq münasibətlər sahəsində, diplomatiya aləmində söz sahibi olub, öz zəkaları ilə tanınıblar.
Bu sıradan biri də dahi azərbaycan alimi və dövlət xadimi, mütəfəkkiri və diplomatı Xacə Nəsirəddin Tusi olubdur. Nəsirəddin Tusi İranın Məşhəd (Tus) şəhərində doğulsa da, bir çox araşdırmaçılar bu etnik azərbaycanlının mənşəcə məhz Naxçıvanın Ordubad bölgəsindən olduğunu təsdiq etməkdədirlər.
Tusi təqribən 20 il Hülakilər dövlətində, sarayda böyük nüfuz sahibi olub, həmin dövlətlərin xarici siyasətinə, qonşu hökmdarlarla münasibətlərinə yaxından təsir göstəribdir. Tusi Əlaəddin və Rüknəddin kimi hökmdarların məsləhətçisi, Hülakular imperiyasında Hülaku xan və Abaqa xanın müşaviri, hətta bəzi məlumatlara görə vəziri vəzifələrində çalışaraq böyük hörmət və etibar qazanıb. Monqol imperatoru Münkə xaqan da, Abbasi xəlifəsi Möhtəsim də, digər yaxın-uzaq başqa hökmdarlar da onun bəhs edilən sahədəki bacarıq və istedadını etiraf etməli olublar.
Beynəlxalq münasibətlər, xarici siyasət, müharibə və sülh məsələləri bir dövlət xadimi olaraq Tusinin nəinki gündəlik əməli fəaliyyətində, eləcə də çox saylı elmi əsərlərində öz əksini tapıbdı. Bu əsərlərin içərisində alimin 1232-1233-cü illərdə İsmaililər sarayında olarkən hökmdar Möhtəşəmin adına yazdığı “Əxlaqi-Nasiri” mühüm yer tutur.
Tusi həmin əsərdə bir çox digər məsələlərlə yanaşı, xarici siyasət məsələlərinə toxunur, onun müxtəlif cəhətlərinə aydınlıq gətirirdi.
Böyük humanist olan Tusi işğalçılıq müharibələrini pisləyir və hesab edirdi ki, dövlətlərarası münaqişələri həll etmək üçün müharibələr heç də həmişə zəruri deyildir. Buna görə də dövlətlərarası münasibətlərin yaxşılaşması üçün dövlət başçısı müntəzəm olaraq öz tərəf-müqabilləri ilə görüşməlidir.
O, “düşmənləri yola gətirib onlarla saziş bağlamağa son dərəcə səy göstərməli və ehtiyatlı olmalıdır, elə etməlidir ki, müharibə və ölüb-öldürməyə ehtiyac qalmasın. Şah, gərək hiylə işlətmək, tədbir görmək, düşmənlər arasına təfriqə salmaq yolu ilə çalışmalıdır ki, silaha əl atmağa ehtiyac qalmasın. Çünki, müdriklərin fikrincə qamçı kifayət edən yerdə çomaqdan, toppuz işlədilə bilən yerdə qılıncdan istifadə etməzlər. Müharibə son tədbir olmalıdır”.
Tusinin fikrincə, “İnsan müdrikdir. O, müharibə istəmir. Heç bir xalq müharibə istəmir. Onları bu qırğına hökmdarlar məcbur edirlər”.
Ümumiyyətlə işğalçılıq müharibələrini pisləyən mütəfəkkirin düşüncəsinə görə, müharibə edən tərəflərdən hücuma keçənin məqsədi ədalət və cihaddan başqa bir şey olmamalıdır. Tusi göstərirdi ki, hökmdar düşmənləri dəf etməkdə, …sərhədlərini qorumaqda, keşikçilərin halına qalmaqda …etinasızlıq göstərməməlidir, çünki şahın ölkəni mühafizə etmək haqqındakı tədbirləri böyük orduların qüvvəsindən daha güclü olar. Bunun üçün lazımdır ki, xəfiyyə işçiləri, kəşfiyyatçılar düşmənlərin vəziyyətini, gizli fikirlərini aşkara çıxarsınlar. Çünki düşmənlərə müqavimət göstərmək üçün ən qüdrətli silah onların nə edəcəklərini əvvəlcədən bilməkdir.
Tusinin fikrincə hücuma o halda keçmək doğru olardı ki, üstün gəlib qələbə çalmağa əminlik olsun. Qələbəyə ümid yoxsa, əlbəttə müharibəyə başlanmamalıdır. Tusi hərbi əməliyyatlar zamanı səbatlı, təmkinli olmağı lazım bilir, düşmənə məhəl qoymamağı, onu kiçik saymağı, səhlənkarlıq edib öz qüvvələrini tam səfərbərliyə almamağı ağılsızlıq hesab edirdi. Çünki, “Azların Allahın köməyi ilə çoxlara qələbə çalması az olmamışdır”.
Tusi hesab edirdi ki, “müharibə zamanı müdafiədə durmaq lazım gələrsə, gərəkdir ki, səngərlər qazılsın, pusqular düzəldilsin, düşmən üzərinə gecə basqınları təşkil edilsin. Müharibəyə məcbur olmuş şəhərlərə gəldikdə isə, onlar müqavimət göstərməyə qadir olmadıqda, lazımdır ki, qabaqcadan tədbirlər görsünlər, sülh bağlamaq üçün hiylələr işlətsinlər, mal-dövlət bəxş etsinlər”.
Böyük insanpərvər alim müharibələr zamanı mülki əhali içərisində itkiləri mümkün qədər azaltmaq məqsədilə, məsləhət bilirdi ki, adamları etibarlı, möhkəm, yaxşı qorunan yerlərə, qalalara toplamaq lazımdır.
Mütəfəkkirin fikrincə, qələbədən sonra qətl və qırğınlar dayandırılmalı, əsir tutmaq mükün olduğu halda məğlublar öldürməməlidirlər: “Qələbədən sonra, əlbəttə, kin və nifrətdən əl çəkməli, ədavətə son qoyulmalıdır, çünki qələbədən sonra məğlub edilmişlər qulam və rəiyyət yerində olarlar…Bir dəfə Aristatalisə (Aristotelə) xəbər çatır ki, İskəndər bir şəhəri məğlub etdikdən sonra yenə onun əhalisini qırmaqdan əl çəkməmişdir. Aristatalis dərhal ona bir nəsihətamiz məktub yazır və orada deyir: “Zəfərdən əvvəl düşməni öldürməyə üzürlü idinsə, qələbədən sonra öz rəiyyətini öldürməyə nə bəhanə gətirə bilərsən”…Əfv edib bağışlayan şahlar bağışlamayanlardan daha yaxşıdırlar, çünki gücü göstərdikdən sonra bağışlamağın başqa hüsnü var”.
Böyük humanist olan Tusinin fikrincə, fəth edilmiş ölkənin rəiyyətinə zülm edilməsi hökmdarın zəifliyi əlamətidir. Rəvayətə görə Cəlaləddin Xarəzmşahın Təbrizi tutarkən xalqa etdiyi zülm barədə eşidən Hülaku xan demişdi: “Biz, Allaha şükür olsun, həm dünyanı fəth edirik, həm də onu idarə edirik. Düşmənlərçin mən işğalçıyam, tabe olanların hökmdarı. Mən Cəlaləddin kimi zəif və gücsüz deyiləm”.
Böyük mütəfəkkir ədalətli müharibələrə haqq qazandırsa da belə, dövlət başçılarını sülhə səsləyir, onlara Qurani-Kərimin məlum əmrini xatırladırdı: “Hamınız bir yerdə sülhə gəlin. Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir… Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz”.
Beləliklə, dahi alimin və siyasətçinin dövlətlərarası münasibətlər, sülh və müharibə məsələləri barəsində strateji mülahizələri və taktiki tövsiyələri bu sahədə əldə edilmiş tarixi təcrübəni ümumiləşdirməyə, gələcəyi hədəfləməyə istiqamətlənibdi. Tusinin bu barədəki tövsiyə və düşüncələri beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl prinsipləri ilə üst-üstə düşür.
Şamxal Məmmədov
Naxçıvan Dövlət Universiteti
Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent