Batabat Astrofizika Rəsədxanasının əməkdaşı “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı”nda iştirak edib - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Ruslan Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-cı ildönümünə həsr edilən “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı”nda iştirak edib.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Mühəndislik Universiteti ilə birgə onlayn formatda keçirdiyi tədbirdə Ruslan Məmmədov “Simbiotik ulduzunda fotometrik dəyişmələr” adlı elmi məqaləsini təqdim edib. O, çıxışında Batabat Astrofizika Rəsədxanasında Günəş sisteminin cisimləri ilə bərabər, həm də parlaq ulduzlarının müşahidəsi və tədqiqatının həyata keçirildiyini diqqətə çatdırıb. Fotometrik müşahidələrin nəticələrindən bəhs edən məruzəçi rəsədxanada müşahidə edilmiş Simbiotik ulduzun parlaqlığının dəyişməsində periodlarının tapılan qiymətləri, müxtəlif zamanlarda tədqiqatçılar tərəfindən tapılan qiymətlərlə uyğunluq təşkil etdiyini söyləyib.
Qeyd edək ki, dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılarının bir araya gəldiyi konfransın əsas məqsədi əldə edilən elmi nailiyyətləri, təcrübələri paylaşmaq, problemləri müzakirə etmək və onların həlli yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə marağını artırmaqdır.