NDU-nun “Kimya” laboratoriyasında sərbəst yodun alınması təcrübəsi aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Kimya” laboratoriyasında növbəti onlayn təlim keçirilib.
Kimya elminin bir bölməsi olan “Fiziki-kimya” fənninə həsr olunan təlimi Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi, universitetin “Kimya” kafedrasının müəllimi Akif Əliyev aparıb. Kimyəvi təcrübə "Yodid turşusunun hidrogen peroksidlə oksidləşmə reaksiyasının sürət sabitinin təyini" mövzusu əsasında təşkil olunub. Təcrübədə sərbəst yodun alınması prosesi izlənilib və nəticə dəfələrlə müşahidə edilib. “Kimya” ixtisası üzrə III kurs tələbələrinin asistentlik etdiyi təcrübənin nəticələri lövhədə qeyd edilib və hesablanıb.
Universitetin “Kimya” kafedrasının müdiri Sevinc Kərimova bildirib ki, artıq laborator təcrübələrin keçirilməsi universitetdə bir ənənə halını alıb. Diqqətə çatdırılıb ki, yaradılan imkanlardan istifadə gələcəkdə elmi-tədqiqat işlərində də faydalı əhəmiyyətə malikdir.
Səadət Əliyeva