“Abituriyent” jurnalının 1-ci nömrəsini www.abiturient.az saytından sifariş etmək mümkündür.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, jurnalda ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub. Həmçinin qəbul proqramını tam mənimsəmiş, hazırlıqlı abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün tapşırıq nümunələri təqdim olunub. Qeyd edək ki, qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq verilir. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılıb.
Nəşrin 113-121-ci səhifələrində tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.
Azərbaycan və rus dillərində çap olunmuş jurnalı Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: