AMEA magistrantlarının onlayn imtahana hazırlığı ilə bağlı müzakirələr aparılıb

A- A A+

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) magistrantların ümumi fənlər üzrə imtahanlarının təşkili ilə bağlı onlayn seminar keçirilib.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə TİM-in imtahanların təşkilinə məsul əməkdaşları ilə yanaşı, magistrantların qrup nümayəndələri də iştirak ediblər.

Seminarda TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova qeyd edib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd onlayn imtahana hazırlıqla bağlı məsələlərin müzakirəsidir.

AMEA prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” sərəncamını xatırladan məruzəçi magistrantlar üçün yay imtahan sessiyasının iyunun 15-dən iyulun 15-dək keçirilməsinin nəzərdə tutulduğunu deyib.

AMEA-nın magistrantlarının ümumi və seçmə fənlər (ali məktəb pedaqogikası, psixologiya və fəlsəfə) üzrə imtahanlarının İnformasiya Texnologiyaları İnstitutunda onlayn formada keçiriləcəyini, imtahanda 121 nəfərin iştirak edəcəyini bildirən R.Mahmudova tələbələrin onlayn imtahan sisteminin iş prinsipi ilə tanış olması üçün onların əvvəcədən qeydiyyatdan keçməsinin vacib olduğunu qeyd edib.

Baş mütəxəssis Kəmalə Qurbanova isə imtahana qeydiyyatla bağlı təlimatı təqdim edib.

Digər çıxış edənlər – aparıcı mütəxəssis Sevda Səfərova, mühəndis-proqramlaşdırıcı Raqif İsmayılov da imtahana hazırlıqla bağlı öz münasibətlərini bildiriblər.

Sonda magistrantların sualları cavablandırılıb.

Qeyd edək ki, ali məktəb pedaqogikası üzrə imtahanın iyunun 16-da, fəlsəfə və psixologiya fənləri üzrə imtahanların isə müvafiq olaraq, iyunun 22-də və 30-da keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: