10 və 11 iyunda keçirilən imtahanların nəticələri elan olunub

A- A A+

10 və 11 iyun tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

– 9-cu sinif üzrə buraxılış imtahanları;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 17089 nəfərdən 422 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1669 nəfərdən 268 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 2776 nəfərdən 76 nəfər imtahana gəlməyib. 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, 10 və 11 iyun tarixlərində keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: