Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev “Yay imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq sərəncam imzalayıb.
AMEA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sərəncama əsasən, ixtisas, xarici dillər və Azərbaycan dili (xarici vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanlarının qəbulu ilə bağlı yay imtahan sessiyasının iyunun 22-dən iyulun 20-dək keçirilməsi nəzərdə tutulur. Doktorluq imtahanları AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş fənn proqramlarına uyğun olaraq karantin rejiminin tələblərinə riayət edilməklə ənənəvi qaydada, zərurət olduqda isə onlayn keçiriləcək.
Həmçinin ixtisas fənni üzrə doktorluq imtahanlarını qəbul etmək məqsədilə elmi müəssisələrdə imtahan komissiyaları yaradılacaq.
İngilis dilindən doktorluq imtahanları AMEA Rəyasət Heyətinin 2015-ci il 4 mart tarixli qərarına uyğun olaraq akademik IELTS proqramı üzrə, alman və fransız dillərindən isə AMEA prezidentinin 2019-cu il 9 oktyabr tarixli sərəncamına uyğun olaraq keçiriləcək.