Pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilmə qaydaları haqqında maarifləndirici videoçarx - VİDEO
Hazırda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlar bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunur. Bununla əlaqədar DİM və digər müvafiq qurumlar tərəfindən ÜST-ün tövsiyələrinə əsasən təlimat hazırlanıb və imtahanlar həmin təlimata uyğun keçirilir. DİM pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilmə qaydaları haqqında maarifləndirici videoçarx hazırlayıb.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, videogörüntülər DİM tərəfindən iyunun 10-da keçirilən imtahana aiddir. İmtahanlar digər ölkələrdə də bu qaydalara uyğun təşkil olunur. Nümunə üçün videoçarxın sonunda imtahanlar zamanı Honkonq universitetində tətbiq olunan qaydalarla bağlı da qısa görüntülər verilib.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Abituriyentlər imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməlidirlər. Bundan əlavə, imtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.
Bir imtahan zalında 12-15 şagird imtahan verir və onlar masa arxasında tək-tək əyləşirlər.