Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Şərur və Sədərək rayon MKS-lərin əməkdaşları üçün onlayn təcrübə məşğələsi keçirilib.
Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova təcrübə və onun əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Kitabxananın kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova “Kitabişləmə və kataloqlaşdırma şöbəsinin iş prinsipi” adlı mövzu ilə çıxış edərək bildirib ki, kataloqlaşdırma işi kitabxana kataloqlarının yaradılması və istiqamətini təmin edən proseslərin məcmusudur. Kataloq - kitabla oxucu arasında vasitəçi rolunu oynayır.
“Oxuculara xidmət işinin təşkili” mövzusunda çıxış edən oxuculara xidmət şöbəsinin müdiri Dilarə Əliyeva qeyd edib ki, kitabxana fondlarında mühafizə edilən çap məhsullarından həm kitabxana şəraitində, həm də kitabxanadan kənarda oxucular tərəfindən istifadə oluna bilər.
Daha sonra müzakirələr aparılmış MKS əməkdaşlarının sualları cavablandırılıb.