Naxçıvan Dövlət Universiteti ilə Ukrayna Dövlət Dəmiryol Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ukrayna Dövlət Dəmiryol Universitetinin qəbul komissiyasının üzvü Maksim Kuçenka və universitetin beynəlxalq münasibətlər şöbəsinin aparıcı mütəxəssisi Mikayıl Qarayev Naxçıvan Dövlət Universitetində olublar.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən NUHÇIXAN-a bildirilib ki, iyunun 29-da Naxçıvan Dövlət Universitetində ikitərəfli görüş keçirilib. Naxçıvan Dövlət Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi barədə ukraynalı qonaqlara məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hazırda ERASMUS proqramları çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir.
Qeyd edilib ki, tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumıniya, İspaniya, İtaliya, Çexiya və digər ölkələrin ali məktəblərində davam etdirirlər.
Ukrayna Dövlət Dəmiryol Universitetinin qəbul komissiyasının üzvü Maksim Kuçenka təmsil etdiyi universitet haqqında ətraflı məlumat verib.
Sonra hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə tələbə-müəllim mübadiləsi, təhsil, təhsil-texnoloji və istehsalat təcrübələrinin, birgə videokonfransların, ikitərəfli beynəlxalq proqram çərçivəsində təhsil və tədqiqat layihələrinin birlikdə işlənməsi, mədəni və idman tədbirlərinin keçirilməsi öz əksini tapıb. Elmi məqalələrin, monoqrafiyaların hazırlanması, universitetlərarası elmi məsləhətləşmələr aparılması, dərsliklərin hazırlanması üçün müəllimlərdən ibarət yaradıcı kollektivlərin təşkili, təhsil-tədris proqramlarının hazırlanması, hər iki universitetin keçirdiyi tədbirlərə qarşılıqlı dəvət də müqavilənin şərtlərinə daxildir.