2019-cu ildən geniş yayılmağa başlayan rəqəmsal mobil şəbəkələr üçün beşinci nəsil simsiz texnologiya olan 5G saniyədə 20 Gb-yə qədər sürətli internet təmin edə bilər.
Bu fikri institutun elmi işçisi Kamran Cəfərzadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında səsləndirib.
İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “5G texnologiyası: perspektivləri və tətbiq sahələri” mövzusuna həsr olunan seminar “Zoom” proqramı vasitəsilə müzakirə edilib.
Məruzəçi 5G şəbəkə avadanlığının əsas təchizatçılarının “Huawei”, “Nokia” və “Ericsson” şirkətləri olduğunu diqqətə çatdırıb. O, dünyanın ilk 5G modemi, 5G-ni dəstəkləyən ilk cihaz, eləcə də Azərbaycanda 5G texnologiyasının tətbiqi barədə məlumatı diqqətə çatdırıb. Mobil rabitə şirkəti “Azercell Telekom”un öz tərəfdaşı “Ericsson” ilə birlikdə 5G şəbəkəsinin sınağı zamanı 1,1 Gb/san yükləmə sürəti qeydə aldığını vurğulayıb.