NDU-da beynəlxalq  “Web OF Science” elmi məlumat bazasının imkanları və effektiv  istifadə qaydalarına dair vebinar təlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetin təşəbbüsü ilə “Clarivate Analytics” Təhsil Şirkətinin Təhsil Proqramları üzrə şöbəsinin rəhbəri Valentin Bogorov beynəlxalq nüfuzlu jurnallara çıxış əldə olunması və efektiv istifadə qaydalarına dair vebinar təlim keçib.

Vebinar təlimdə rektor Elbrus İsayev universitetdə ali təhsilin davamlı inkişafına nail olunması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Vurğulanıb ki, professor-müəllim heyətinin apardıqları elmi-tədqiqat nəticələri əsasən, universitetin 4 seriyadan ibarət “Elmi əsərlər” jurnalında nəşr olunur. Rektor bildirib ki, son 10 ildə universitet əməkdaşlarının 193 monoqrafiyası, 44 dərsliyi, 335 dərs vəsaiti, 522 metodik vəsait və proqramı, 8200 elmi məqaləsi və 1061 tezisi çap olunub. Elmi məqalələrdən 1135-i, tezislərdən isə 335-i xaricdə dərc olunub. Xaricdə dərc olunmuş məqalələrdən 80-i isə “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) yüksək impakt faktorlu jurnallarda dərc olunub. Rektor universitetin “Elmi əsərlər” jurnalının “Web Of Sciense” də indeksləşməsi bazasına daxil olmağını gələcək fəaliyyət istiqaməti  kimi önə çəkib.

Clarivate Analytics təşkilatının Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Səfərova təlimin məqsədindən danışıb, gələcək əməkdaşlığın perspektivlərinə toxunub.

“Müasir elmi-tədqiqatçılar üçün informasiya vasitələri” mövzusunda Clarivate Analytics təşkilatının Təhsil proqramları üzrə direktoru Valentin Boqorov qeyd edib ki, 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb və hazırda Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib. Vurğulanıb ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science” elmi bazasında 2017-ci ildə 1160 elmi-tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb.

Sonra Təhsil proqramları üzrə şöbənin rəhbəri Valentin Bogorov “Web of Science” bazasından istifadə qaydaları, bu şəbəkənin məlumat bazasında yerləşən elmi məqalələr onlardan istifadə yolları, elmi nəşrlər barədə slaydlar vasitəsilə ətraflı çıxış edib. V.Bogorov hər kəsi bütövlükdə bu qurumla  sıx əlaqələr qurmağa dəvət edib.

Sonda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Nахçıvаn Müəllimlər İnstitutunun rektoru,  pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva mövzu ətrafında çıxışlar ediblər.

 Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: