Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin vəfat etməsi haqqında xəbəri qəfildən eşitdikdə dərindən sarsıldım. İlk növbədə əlli beş illik ömrünün ən azı otuz ili mənimlə birlikdə keçən çətin və mənalı dövrü ərzində yaddaşıma əbədilik həkk olunmuş Hüseyn Həşimlinin təmkinli siması bir an içində gözümün önündən keçdi və bu acı xəbər qəlbimdə şimşək kimi çaxdı. Təxminən iyirmi gün bundan əvvəl telefonla danışıb, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun birlikdə hazırlanmasına start verdiyimiz «Müstəqillik dövrü Naxçıvan ədəbi mühiti» kitabının müəlliflər heyəti haqqında dəqiqləşdirmələr aparmış, hal-əhval tutmuşduq. Sonra xəstəxanada müalicə olunması haqqında heç bir məlumat almamışdım. Vəfatından bir gün əvvəl mobil telefonuna zəng vurmuşdum, cavab ala bilməsəm də ürəyimə heç bir şübhəli hiss dolmamışdı. Arxayın idim ki, işə-gücə, yazı-pozuya çox bağlı olan Hüseyn Həşimli telefonda nömrəni görən kimi özü zəng açacaqdır. Lakin bir gün sonra Naxçıvandakı keçmiş tələbələrimizdən biri Hüseyn Həşimlinin vəfatı haqqında xəbəri çətinliklə olsa da dilinə gətirdi.
Hüseyn Həşimli ilə bağlı xatirələrimdən bəzi notları yada salıram:
Hüseyn Həşimlini 1982-ci ilin avqust ayının əvvəllərində Naxçıvan Dövlət Universitetində qəbul imtahanı zamanı tanımışdım. Ədəbiyyat üzrə şifahi imtahandan biletə düşən sualların hamısına mükəmməl cavab vermişdi. O zaman belə bir yazılmamış qayda var idi ki, abituriyentə «əla» qiymət yalnız qəbul imtahanına nəzarət edən dövlət nümayəndəsinin və rektorun iştirakı ilə verilə bilərdi. Əla qiymət almaq iddiasında olan abituriyentlər fənn komissiyasının qarşısında göstərdiyi biliyi çox vaxt dövlət nümayəndəsinin və rektorun iştirakı ilə aparılan sorğuda psixoloji gərginliyə görə doğrultmaqda çətinlik çəkirdilər. Belə hallarda rəhbərləri imtahana dəvət edən müəllim də, qiyməti aşağı yazılan abituriyent də çətinlik qarşısında qalırdı. Ona görə də qəbul imtahanlarında «yaxşı» qiymətdən narazı qalıb, «əla» almaq arzusunu ifadə edən abituriyent də, həmin arzunu həyata keçirmək üçün dövlət nümayəndəsini və rektoru dəvət etməli olan müəllim də az hallarda belə addımlar atmağa səy göstərirdi. Bu dəfə də belə bir hal baş verdi. Abituriyent Hüseyn Həşimli imtahan biletindəki sualların hamısına cavab verdikdən sonra ona elan edilən «yaxşı» qiyməti ilə razı olmadığını çox təbii bir nəzakətlə bildirdi. Həqiqətən də abituriyentin biliyi «əla» qiymətə layiq idi. Dövlət komissiyasını və rektoru dəvət etməmişdən qabaq Hüseyn Həşimliyə bir neçə əlavə suallar verib, fikrimi qətiləşdirmək istədim. Bütün suallara çox dolğun cavab aldıqdan sonra qəbul imtahanlarına nəzarət edən Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərovu və Naxçıvan Dövlət Universitetinə yeni rektor vəzifəsinə təyin edilmiş tarix elmləri doktoru, professor İsaq Məmmədovu imtahana dəvət etdim. Hüseyn Həşimli bir qədər gərginlik keçirsə də komissiyanın verdiyi sualların hamısına inamla qaneedici cavablar verdi. Vilayət Partiya Komitəsi katibinin abituriyentin atasının harada işləməsinə dair sualına cavab verərkən Hüseyn Həşimli bir qədər duruxdu. Düşündüm ki, yəqin rayon səviyyəsində hər hansı bir vəzifə sahibi olduğu üçün abituriyent fikrini açıq ifadə etmək istəmir. Lakin onun bu suala çətinliklə verdiyi gözlənilməz cavab məni ehtimal edilə biləcək çətinlikdən tam xilas etdi:
- Atam vəfat edib.
Vilayət Partiya Komitəsinin katibi: - «Əla» ilə qiymətləndirmək olar. Get, radio qovşağı ilə çıxış et və qəbul imtahanları haqqında öz fikrini bildir.
Komissiya imtahan otağından gedər-getməz Hüseyn Həşimlinin aşkarlıq dövrünün hadisəsi kimi quraşdırılmış radio qovşağı ilə pafossuz, lakin daxili bir inamla dediyi aşağıdakı bir-iki cümləni indi də xatırlayıram:
- İmtahanlar ədalətli keçir. Mənim kimi sadə kənd uşaqları da öz biliyi ilə «əla» qiymət ala bilirlər.
Həyatının sonrakı bütün mərhələlərində Hüseyn Həşimli sözün həqiqi mənasında nəcib insani keyfiyyətləri, yorulmaz zəhməti və «öz biliyi» ilə müəllimlərinin və ailə üzvlərinin başını uca etdi. Çoxsaylı belə hadisələrdən daha iki əhvalatı oxuculara çatdırmaq istəyirəm.
Səhv etmirəmsə, üçüncü kursda oxuduğu vaxt, təxminən 1984-cü ildə Hüseyn Həşimli Azərbaycan ali məktəb tələbələrinin Bakı şəhərində keçirilən Respublika tələbə elmi konfransında «Azərbaycan ədəbiyyatında alleqoriya» mövzusunda məruzə ilə çıxış etmişdi. Görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri, professor Pənah Xəlilovun rəhbərlik etdiyi Ədəbiyyat bölməsinin iclasında ölkə üzrə səkkiz ali məktəbin iyirmiyə yaxın tələbəsinin məruzəsi dinlənilmişdi. Ən çox fərqlənən bir nəfər tələbəyə Ali Təhsil Nazirliyinin təsis etdiyi «Ən yaxşı elmi-tədqiqat işinə görə» medalının (döş nişanının) verilməsi nəzərdə tutulmuşdu. Bölmədə çıxış edənlərdən iki nəfər: Naxçıvan Dövlət Universitetinin tələbəsi Hüseyn Həşimli və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tələbəsi ən çox fərqləndirilən məruzəçilər olmuşdu. Pənah müəllim hər iki tələbənin məruzəsi haqqında obyektiv fikir bildirirsə də, istər-istəməz müqayisədə az da olsa, üstünlüyü öz tələbəsinə vermişdi. Mübahisəni həll etmək üçün Ali Təhsil Nazirliyi Elm idarəsinin müdiri, texnika elmləri namizədi, dosent Valeh Orucovu və Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, Respublika tələbə elmi konfransına göndərilmiş heyətin rəhbəri kimi məni Ədəbiyyat bölməsinin yekun iclasına dəvət etdilər. Hüseyn Həşimli də, Bakı Dövlət Universitetinin tələbəsi də həqiqətən çox yaxın bir səviyyədə bilik nümayiş etdirdilər. Ali Təhsil Nazirliyinin nümayəndəsi Valeh Orucov hər iki tələbəyə «Ən yaxşı elmi-tədqiqat işinə görə» medalı verilməsi haqqında o vaxt bu dövlət qurumuna rəhbərlik edən Qurban Əliyevə əlavə təqdimat yazmaq haqqında qərar qəbul etdi. Sonralar gördüm ki, Hüseyn Həşimli haqlı olaraq tələbəlik illərində respublika üzrə tələbə elmi işlərinin müsabiqəsində «Ən yaxşı tələbə elmi-tədqiqat işinə görə» medalını qazanmasını tərcümeyi-halında qeyd edib. Halallıqla, zəhmətlə qazanılanda mükafatın böyüyü-kiçiyi olmur.
Hüseyn Həşimli ilə əlaqədar başqa bir hadisə də unudulmazdır. 1998-ci ildə Naxçıvan Dövlət Universiteti üçün Azərbaycan ədəbiyyatı ixtisası üzrə Dissertasiya Şurası yaradılmasına ilk dəfə icazə almışdıq. O vaxta qədər hələ ölkəmizin paytaxtından başqa digər regionlarda dissertasiya şuraları təsis edilməmişdi.
Ali Attestasiya Komissiyasının sədri, dünya şöhrətli görkəmli elm xadimi, akademik Azad Mirzəcanzadə Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurasının yaradılması haqqında qərar qəbul edərkən şuranın ilk iclasında iştirak edəcəyini bildirmişdi. Başa düşürdük ki, həddindən artıq tələbkar alim olan Azad müəllimin iştirak edəcəyi həmin iclasda yaranan təəssürat Dissertasiya Şurasının gələcək fəaliyyətində həlledici faktor olacaqdır. Elmi rəhbəri olduğum Naxçıvan Dövlət Universitetinin müəllimi Hüseyn Həşimlinin «Azərbaycan ədəbiyyatında sentimentalizm» mövzusunda yazıb tamamladığı dissertasiyasını Şuranın ilk iclasında müdafiəyə çıxarmağa qərar verdik. Ali Attestasiya Komissiyasının sədri, akademik Azad Mirzəcanzadə vəd etdiyi kimi, Naxçıvan Dövlət Universitetində təşkil edilmiş Dissertasiya Şurasının 2 sentyabr 1998-ci il tarixli iclasında iştirak etmək üçün qurumun bir neçə əməkdaşı ilə birlikdə Naxçıvana gəldi. Dissertasiya Şurasının ilk iclasında ədəbiyyatşünaslıq elminin tanınmış simaları Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayev və Azərbaycan Dillər Universitetinin rektoru, professor Qorxmaz Quliyev də dəvət olunmuş üzvlər kimi iştirak və çıxış etdilər.
Hüseyn Həşimli həmişəki kimi pafosdan uzaq, təmkinlə, sanki riyaziyyatçı dəqiqliyi və analitik təfəkkürlə sentimentalizm cərəyanının estetikası və poetikası haqqında öz sözünü dedi.
Azad Mirzəcanzadə iddiaçı Hüseyn Həşimliyə verdiyi dissertasiyaya aid olan və olmayan çətin, ikibaşlı sualların hamısına onu qane edən cavablar aldı. Nəhayət, Azad müəllimin axırıncı sualı belə oldu: - Valideyniniz harada işləyir?
Hüseyn Həşimlinin azca hiss olunan qəhərli cavabı cəmi bir sözdən ibarət idi: - Yoxdur!
Cavab nə qədər kədərli olsa da, akademik Azad Mirzəcanzadə kimi tələbkar və çətin xarakterə malik bir alimin dissertant haqqındakı xoş təəssüratlarını bir qədər də möhkəmləndirdiyi üçün zaldan gələn alqış səsləri ilə qarşılandı. Dissertasiya şurasının ilk iclasında akademik Azad Mirzəcanzadənin qısa məzmunlu və qəti mövqe ifadə edən çıxışını az qala sözbəsöz xatırlayıram: - Əgər Dissertasiya Şurası Naxçıvanda yox, Bakıda keçirilsə idi (yəni Naxçıvana görə verildiyini yozanlar olmasa idi) heç tərəddüd etmədən elə bu iclasda iddiaçıya filologiya elmləri namizədi alimlik dərəcəsinin verilməsi haqqında Ali Attestasiya Komissiyasının qərarını elan edərdim.
Hüseyn Həşimlinin sənədləri Ali Attestasiya Komissiyasına təqdim edildikdən cəmi iki gün sonra təsdiq edildi…
Filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin namizədlik dissertasiyası kimi müdafiə etdiyi «Azərbaycan ədəbiyyatında sentimentalizm» mövzusundakı dissertasiyası ədəbiyyatşünaslıq elmimizdə tam yeni olan bir problemə həsr edilmiş ciddi elmi-tədqiqat işidir. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində konkret bir ədəbi cərəyana həsr edilmiş bir əlin barmaqları ilə sayılacaq qədər az olan sanballı elmi-tədqiqat işlərindən biridir. Mövzunu az da olsa tərəddüdlə qarşılayanlar olsa da, Hüseyn Həşimli böyük zəhməti və aydın elmi təfəkkürü ilə Azərbaycan ədəbiyyatında sentimentalizm adlı bir ədəbi cərəyanın olduğunu və həmin cərəyanın ona yaxın olan romantizmdən fərqli xüsusiyyətləri ilə seçildiyini müəyyən edə bilmişdir.
Hüseyn Həşimlinin 2011-ci ilə «Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar» mövzusunda böyük uğurla müdafiə etdiyi doktorluq dissertasiyası da əhatə etdiyi problemin yeniliyinə və yüksək professionallıq səviyyəsində elmi həllinə görə hadisə kimi qəbul edilmişdir. Onun eyni adla çap olunmuş monoqrafiyası respublika elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.
Professor Hüseyn Həşimlielmi fəaliyyətində ədəbiyyat nəzəriyyəçiliyi ilə ədəbiyyat tarixçiliyini qoşa qanad kimi inkişaf etdirmiş və onların qarşılıqlı əlaqəsi əsasında orijinal elmi əsərlər yazıb nəşr etdirmişdir. Alimin ədəbiyyat nəzəriyyəsi üzrə ədəbi cərəyanlara, lirik ədəbi növün janrlarına, klassik ədəbi irsə və mənsur şeirin poetikasına həsr olunmuş tədqiqatları yüksək nəzəri səviyyəsi və fakt zənginliyi ilə səciyyələnir. Hüseyn Həşimli hazır sxemlərdən deyil, ədəbiyyat tarixinin daxili təkamül proseslərindən çıxış edərək nəzəri model yaratmağı bacaran alimlərdən idi. Hüseyn Həşimlinin imzası onun elmdə özünüisbatının möhürü idi.
Ədəbiyyat tarixçisi kimi də Hüseyn Həşimli təkbaşına çox mühüm işlərin öhdəsindən gəlmişdir. XX əsrin əvvəllərində yaşayıb-yaratmış Əli Səbri Qasımov, Səid Səlmasi, Əli Məhzun, Məhəmmədəli Sidqi, Nemət Bəsir, Fərhad Ağazadə və başqaları kimi həyat və fəaliyyətləri çox az öyrənilmiş Azərbaycan yazıçı və şairlərinin tərcümeyi-hallarını, yaradıcılıq yollarını araşdırıb tədqiq etmiş, əsərlərini üzə çıxarıb kitab halında çap etdirməklə ədəbi-elmi ictimaiyyətə çatdırmışdır. «İzzəddin Həsənoğlunun ədəbi irsi» adlı monoqrafik tədqiqatı Hüseyn Həşimlinin elmi maraq dairəsinin genişliyini və zənginliyini bir daha nümayiş etdirir. XX əsrin əvvəllərində çap olunmuş «Yeni füyuzat» və «Şeypur» jurnallarının mətnlərinin transliterasiyası və nəşri işi də Hüseyn Həşimlinin adı ilə bağlıdır. Hüseyn Həşimli mətnşünas ağırlıqlı ədəbiyyat tarixçisi və ədəbiyyat tarixçiliyinin də iştirak etdiyi ədəbiyyat nəzəriyyəçisidir. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində fərqli bir yoldur. Həmin elmi istiqamətin inkişaf etdirilməsində Hüseyn Həşimlinin böyük zəhməti vardır.
Professor Hüseyn Həşimli ölkə miqyasında qəbul edilən görkəmli ədəbiyyatşünas alim idi. O, bəlkə də respublikamızda elmlər namizədi alimlik dərəcəsində Əməkdar elm xadimi fəxri adına layiq görülmüş ilk elm adamı olmuşdur. Hüseyn Həşimlinin elmi əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elmini zənginləşdirən fundamental tədqiqatlardır. Fəaliyyətində elmlə pedaqoji fəaliyyəti birləşdirən Hüseyn Həşimli otuz ildən çox Naxçıvan Dövlət Universitetində Ədəbiyyat nəzəriyyəsi və Orta əsrlər Azərbaycan ədəbiyyatı fənlərindən dərs demişdir. Onun mühazirələri də ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin üzvü vəhdətindən yoğrulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi də Hüseyn Həşimli ictimai-siyasi və elmi-mədəni mühitdə çox yaxından və fəal surətdə iştirak etmişdir. Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru kimi də Hüseyn Həşimli səmərəli fəaliyyət göstərmişdir. O, tədris işinin təşkili, planlaşdırılması, idarə olunması və metodikasını elm səviyyəsində qavramışdır.
Uzun illər ərzində Hüseyn Həşimli sona qədər bölüşdüyüm və ortaq cavab ala bildiyim azsaylı insanlardan biri kimi də mənim üçün unudulmazdır.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində də Hüseyn Həşimli ürəklə işə başlamışdı. İnstitutun da, özünün də ciddi elmi planları, bizimlə ortaq layihələrimiz var idi. İnanıram ki, Naxçıvan Dövlət Universitetində və AMEA-nın Naxçıvan Bölməsindəki həmkarları və yetirmələri görkəmli alim, aydın elmi sima, etibarlı dost və böyük müəllim Hüseyn Həşimlinin xəttini davam etdirəcəklər…
İsa Həbibbəyli
AMEA-nın birinci vitse-prezidenti, akademik