Naxçıvan Muxtar Respublikası ərazisində yayılan yabanı və mədəni meyvə, giləmeyvə bitkilərinin genofondunun toplanılması, tədqiqi və səmərəli istifadə olunması yollarının müəyyənləşdirilməsi müasir dövrdə aktual problemlərdən biridir. AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında muxtar respublikanın tükənməz təbii sərvəti olan meyvə və üzüm genofondunun tədqiqi, qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi, aqrotexnikasının öyrənilməsi, iqtisadi əhəmiyyətli sortların müəyyənləşdirməklə istehsalata yönəldilməsi istiqamətində məqsədyönlü elmi araşdırmalar aparılır. 2016-2020-ci il elmi-tədqiqat planına əsasən laboratoriyada “Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış yabanı və mədəni meyvə-giləmeyvə, tərəvəz bitkilərinin genofondunun toplanılması, tədqiqi və səmərəli istifadəsi” və “Genetik üsulların təkmilləşdirilməsi əsasında eksperimental yolla alınmış yeni üzüm sort və formaların ampeloqrafiq xüsusiyyətlərinin tədqiqi və seçmə işləri” üzrə elmi-tədqiqat işləri həyata keçirilir.
Sözügedən laboratoriyada görülən işlərlə bağlı ətraflı məlumat almaq üçün bu günlərdə elmi-tədqiqat institutuna yollandıq. Naxçıvanda meyvəçilik və üzümçülüyün müasir vəziyyəti və perspektivlərindən, bu elm ocağının qarşısına qoyulan məqsəd və vəzifələrdən, əldə olunmuş elmi və praktiki nəticələr haqqında bizə laboratoriyanın rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyev məlumat verdi. Naxçıvan Muxtar Respublikasında meyvə və üzümün zəngin genofondu milli sərvətimizdir deyə, söhbətinə başlayan müsahibimiz bildirdi ki, 2003-cü ildən əməkdaşlar tərəfindən muxtar respublika ərazisində yayılan müxtəlif yabanı, həmçinin mədəni meyvə növ və sortların genofondunun tədqiqi, müxtəlifliyinin tərkibi, genetik xüsusiyyətlərinin araşdırılması, toplanılması, iqtisadi səmərəli sort və formaların seçilməsi, təsərrüfat əhəmiyyətli sortların yaradılması, istehsalata yönəldilməsi və istifadəsi istiqamətində çoxsaylı elmi-tədqiqat işləri yerinə yetirilir. Bu dövrdə əldə olunan elmi-tədqiqatların mühüm nəticələri Azərbaycanda, eləcə də Rusiya, ABŞ, Almaniya, İsveçrə, Gürcüstan və digər xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda işıq üzü görüb.
Naxçıvan Muxtar Respublikası ərazisində aparılan tədqiqatlar nəticəsində yabanı meyvə və giləmeyvə bitkilərindən, alma, armud, quşarmudu, yemişan, alça, gavalı, itburnu, zirinc, böyürtkən, qarağat, çaytikanı, itüzümü cinslərinə daxil olan növlərin sistematik tərkibi və yayılma zonaları öyrənilmiş, təbii ehtiyatı və səmərəli istifadə yolları araşdırılmışdır. Müəyyən olunmuşdur ki, hazırda Naxçıvan Muxtar Respublikası florasında almanın bir növ, iki variasiya, 21 formasına, armudun 17 növ, 3 variasiyasına, zirincin 6 növ və 2 formasına, quşarmudunun 17, yemişanın 17, çaytikanının bir, böyürtkənin 3, itüzümünün 3, qarağatın 2, itburnunun 30, alçanın 4, gavalının isə 6 növünə yabanı halda rast gəlinir. Aparılan çoxillik tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan və Naxçıvan Muxtar Respublikası floraları üçün yeni olan 6 fəsilə 9 cinsə aid 29 növ, 5 variasiya və 2 forma müəyyən edilmişdir. Tədqiqatlar nəticəsində növlərin təbii ehtiyatı hesablanmış və istifadə imkanları müəyyənləşdirilib.
Müasir dövrdə muxtar respublikada meyvəçilik, həmçinin üzümçülük aqrar sektorun prioritet sahələrindəndir və bu istiqamətdə mühüm dövlət tədbirləri həyata keçirilməkdədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il fevralın 14-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və 2016-cı il 8 fevral tarixli Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada meyvəçiliyin genişləndirilməsi, əhalinin yerli meyvə məhsulları ilə etibarlı təminatının yaxşılaşdırılması istiqamətində qəbul edilən rəsmi dövlət sənədləridir. Dövlət proqramlarına uyğun olaraq laboratoriyada meyvə genofondunun tədqiqi, sort tərkibinin müəyyənləşdirilməsi, tətbiqyönümlü sortların öyrənilməsi, seçilməsi və iqtisadi qiymətləndirilməsi məqsədilə mühüm araşdırmalar aparılıb. Varis Quliyev qeyd etdi ki, tədqiqat dövrü muxtar respublikada tumlu, çəyirdəkli və qoz meyvələrinin genofondu tədqiq olunub, tətbiqyönümlü sortlar aşkarlanıb, hər bir ərazidə neçə sort və formanın yayıldığı müəyyən edilib, onlar üzərində qiymətləndirmələr aparılıb. Aparılan elmi-tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, ərazidə tumlu meyvələrdən alma, armud, heyva, əncir, əzgil, nar, tut, yemişan, çəyirdəkli meyvələrdən albalı, gilas, şaftalı, ərik, alça, zoğal, qoz meyvələrdən isə qoz, badam, fındıq, püstə və başqa növlər geniş yayılmışdır. Ekspedisiyalar nəticəsində məlum olmuşdur ki, ərazidə müvafiq növlər üzrə tumlu meyvələrdən almanın 116, armudun 51, heyvanın 10, əzgilin 1, tutun 5, əncirin 4, narın 6, yemişanın 18 sortu, çəyirdəkli meyvələrdən gilasın 14, gilənarın 7, gavalının 14, zoğalın 1, alçanın 21, göyəmin 2, əriyin 31, şaftalının 14 sortu aşkarlanmışdır. Ərazidə həmçinin qozun 26, püstənin 2, badamın 8,limonun 4 sortunun yayıldığı aşkarlanıb. Bu zəngin genofonddan səmərəli istifadə olunması muxtar respublika əhalisinin sitrus meyvə sortları istisna olmaqla yerli məhsullar hesabına tumlu və çəyirdəkli meyvə məhsulları ilə dolğun təmin edilməsi tamamilə mümkündür.
Son dövrlər Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında üzümçülüyün genişləndirilməsinə diqqət artmaqdadır. Prezident İlham Əliyevin “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 15 dekabr 2011-ci il tarixli Sərəncamında üzümçülüyün müasir vəziyyəti, inkişafının məqsəd və vəzifələri, əsas istiqamətləri, maliyyə mənbələri və gözlənilən nəticələr müəyyənləşdirilmişdir. Müasir dövrdə muxtar respublikada da üzümçülüyün və ona uyğun istehsal sahələrinin yenidən inkişaf etdirilməsi, yox olmaq təhlükəsi altında olan üzüm genotiplərinin qorunması, perspektivli sortların fermer və özəl təsərrüfatlarda geniş becərilməsinə nail olunması günün aktual problemlərindəndir. Laboratotiyada üzümçülüyün genofondunun öyrənilməsi, sort müxtəlifliyinin, perspektivli genotiplərin müəyyənləşdirilməsi, ampeloqrafik, genetik xüsusiyyətlərinin araşdırılması, iqtisadi qiymətləndirilmələrin aparılması, yeni sortların introduksiyası, kompleks davamlı və şaxtaya dözümlü sortların əldə olunması istiqamətində müxtəlif seleksiya üsulları ilə məqsədyönlü elmi-tədqiqat işləri aparılır. Regionda üzümçülüyün qədim tarixə malik olması ilə əlaqədar yayılan yabanı üzüm növü öyrənilmiş, 6 variasiya müxtəlifliyi müəyyənləşdirilmiş, ilk dəfə olaraq yeni variasiya aşkar edilmişdi. Həmçinin becərilən üzüm sortlarının genofondu tədqiq edilmiş sort və forma müxtəlifliyi araşdırılmış və qiymətləndirilmişdir. Tədqiqat dövründə davamlı olaraq muxtar respublikada üzüm genofondunda müxtəlif genetik irsi əlamətlərə malik olan genotiplərin və müsbət irsi əlamətli donorların müəyyənləşdirilməsi, üzümçülükdə kəmiyyət və keyfiyyət dəyişikliklərinin qanunauyğunluqlarının tədqiqi, iqtisadi səmərəliliyin hesablanması, seleksiya işlərinin aparılması yolu ilə yeni sort və formaların yaradılması, onların istehsalata yönəldilməsi istiqamətində məqsədyönlü tədqiqat işləri aparılmış və mühüm elmi-praktiki əhəmiyyət kəsb edən elmi nəticələr əldə olunmuşdur. Qeyd edək ki, ilk dəfə olaraq “Üzümdə çiçəkləmə dövrü, qametogenez mərhələdə genom mutasiyasının alınması metodikası” işlənib hazırlanmışdır. Meyotik və mitotik poliploidləşmə üsulu ilə yeni autotetraploid (2n=76) genoma malik olan üzüm formaları alınmışdır. Eksperimental poliploidiya, hibridləşdirmə və klon seleksiyası yolu ilə yeni 30 hibrid, 17 klon, 8 autopoliploid üzüm formaları əldə olunmuşdur. 92 aborigen sortun və 14 yeni alınmış üzüm formasının beynəlxalq miqyasda genetik ehtiyatlar üzrə qeydiyyatı üçün müvafiq metodika əsasında ampelo-deskriptor xüsusiyyətlərinin təsviri hazırlanmışdır. “Naxçıvan Muxtar Respublikasında aborigen üzüm sortlarının rəqəmsal ampeloqrafik təyini” üsulu hazırlanmış, 92 sortun rəqəmsal təyinatı aparılmışdır. Müxtəlif genetik üsullarla-klassik hibridləşdirmə yolu ilə 200-dən çox hibrid təbiətli üzüm formaları seçilmiş, eksperimental poliploidiya və klon seleksiyası yolu ilə məqsədyönlü seleksiya işlərinin aparılmış, təsərrüfat əhəmiyyətli, stress amillərə davamlı, yüksək məhsuldarlığa və şəkərliliyə malik olan 50-dən çox perspektivli formalar əldə olunmuşdur. Genofonda daxil olan 120-dən çox üzüm sortunun biomorfoloji, aqrotexnoloji xüsusiyyətlərinin və xəstəliklərə qarşı davamlılığı tədqiq edilmiş, beynəlxalq miqyasda qəbul edilmiş qaydada ampelo-deskriptor xüsusiyyətləri araşdırılmış, rəqəmsal ampeloqrafiya əsasında irsi əlamətləri kodlaşdırılmış və şifrələnmişdir. İntroduksiya olunmuş 23 sortun adaptasiya olunma, əsas biomorfoloji və aqrobioloji xüsusiyyətləri araşdırılmış, muxtar respublika ərazisində üzümlüklərdə becərilməsi üçün 5 süfrə, 4 texniki istiqamətli daha perspektivli sortlar seçilmişdir. Ayrı-ayrı sortların istifadə imkanları araşdırılmış, seleksiya yolu ilə əldə olunmuş perspektivli üzüm formalarının biomorfoloji, kimyəvi-texnoloji xüsusiyyətləri öyrənilmiş və yeni üzüm sortları istehsalata yönəldilmişdir. Təsərrüfat əhəmiyyətli aborifen Hənəqırna sortu və ondan klon seleksiyası yolu ilə əldə olunan 2 klonu Şamaxıda yeni salınan müasir tipli üzümçülük plantasiyasında geniş ərazidə əkilmişdir. Naxçıvan Muxtar Respublikasının 28 üzüm sortu Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahəsində, 42 sortu Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun təcrübə sahəsində, 24 aborigen üzüm sortu isə ABŞ-a aparılaraq Koliforniya Ştatında üzümlüklərdə əkilmişdir. Seleksiya yolu ilə alınan 7 yeni üzüm forma-sortu istehsalata tətbiq üçün Seleksiya Nailiyyətlərinin Mühafizəsi Üzrə Dövlət Sort Sınaq Komissiyasının xətti ilə Naxçıvan Kənd Təsərrüfat Nazirliyinin “Araz” Elmi İstehsalat Birliyinin təcrübə sahəsində əkilərək yoxlamadan keçirilməklə sınaq müddəti başa çatmışdır.
Aparılmış tədqiqatlarla bağlı laboratoriya əməkdaşları nüfuzlu elmi konfrans və simpoziumlarda fəal iştirak etmişlər. Əməkdaşların 345 elmi əsəri(bunlardan 70-dən çoxu xarici jurnallarda və beynəlxalq indeksli nəşrlərdə çap olunub), 16 monoqrafiyası nəşr edilmişdir.
Qeyd edək ki, laboratoriyada uzun illər aparılan elmi axtarışların nəticəsi olaraq 2 cilddə “Azərbaycan ampeloqrafiyası” və “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı fundamental əsərlər yazılıb. Bu əsərlərdə Azərbaycanda, həmçinin Naxçıvan Muxtar Respublikasının aqrar sektorunda yaxın gələcəkdə üzümçülüyü yenidən geniş inkişaf etdirilməsi problemləri, istiqamətləri araşdırılıb.
Hazırda laboratoriyada muxtar respublikanın meyvə və üzüm genofondunun tədqiqi, tətbiqyönümlü sortların əldə olunması və istehsalata yönəldilməsi istiqamətində məqsədyönü elmi araşdırmalar davam etdirilir.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı