AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda sel və daşqınlar, onların yaranma səbəbləri araşdırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov məlumat verib.
Azərbaycanda yarana biləcək sel və daşqın təhlükələri haqqında danışan iqlimşünas alim selin proqnozlaşdırıla bilməyən təbiət hadisələri sırasında olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, sel gur yağan yağışlardan sonra, eləcə də iqlimin istiləşməsi ilə əlaqədar dağlıq ərazilərdə qarların sürətlə əriməsi nəticəsində baş verir.
Alimin fikrincə, ölkəmizin ərazisinin 60 faizi dağlıq olduğu üçün Azərbaycanda sel əmələgəlmə ehtimalı böyükdür: “Əsasən yazın axırı, yayın əvvəlləri və yayın sonu, payızın əvvəllərində baş verən sel hadisəsi Böyük Qafqazın cənub yamacında, Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqazın şimal və şərq yamaclarında, Böyük Qafqazın şimal-şərq yamacında, daha çox Kişçay, Şinçay, Tikanlıçay, Dəmiraparançay, Vəlvələçay, Qudyalçay, Ordubadçay, Gilançayda baş verir. Meşələrin qırılması, yaylaqların, otlaqların həddən artıq yüklənməsi sellərin daha tez-tez yaranmasına gətirib çıxarır”.