Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün iyulun 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil edəcək.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Apelyasiya Komissiyasına müraciət etməzdən əvvəl şagirdlər mərkəzin saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılıb ki, bu tip müraciətlərə baxılmayacaq.
Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər iyulun 6-8-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.