Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yarımkölgəli Ay tutulması hadisəsi saat 07:07-də başlayacaq və saat 09:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:31-də müşahidə olunacaq.
Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (ikisi Günəş, dördü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.