COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2020-2021-ci tədris ili üzrə magistraturaya sənədlərin qəbulu onlayn qaydada həyata keçiriləcək.
AMEA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, magistraturaya qəbul olan bakalavrlar qeydiyyat üçün qeyd olunan sənədləri skan edilmiş formada iyulun 6-dan 15-dək (qəbul-2020/2021 başlığı ilə) [email protected] ünvanına göndərməlidirlər.
Tələb olunan sənədlər - elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı, telefon nömrəsi (özünün və valideynlərindən birinin), şəxsiyyət vəsiqəsi, bakalavr təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış, hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə, 3x4 ölçüdə rəngli fotoşəkil, tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalıdır. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli, tarix və imza qoymalıdır).
Bakalavrlarla telefon əlaqəsi qurulduqdan sonra onlar qeydiyyata alınacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.