“Hacı Zeynalabdin Tağıyev və Şərqin ilk rus-müsəlman qız məktəbi” foto-sənədli animasiya filmi təqdim edilib - FOTOLAR
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) bu il 100 illik yubileyini qeyd edir. Muzeyin əməkdaşları - tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova, elmi işçi Ləman Musayeva və Qənirə Qafarlı “Güc birlikdən doğar” gənclər heyəti ilə birgə ilk dəfə olaraq “Hacı Zeynalabdin Tağıyev və Şərqin ilk rus-müsəlman qız məktəbi” adlı foto-sənədli animasiya filmi hazırlayıblar. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə MATM-dan məlumat verilib.
Bildirilib ki, 2020-ci il - “Könüllülər ili”ndə “Güc birlikdən doğar” gənclər heyətindən Sinan Əzimov, Əli Nadirli, Aynur Hökmürəvan, Gültəkin Həsənova və Əsmər Zeynalova bu animasiyanın ərsəyə gətirilməsində texniki çalışmalarını təqdim ediblər.
Bu foto-sənədli animasiyada MATM-ın direktoru, akademik Nailə Vəlixanlının ümumi redaktorluğu ilə nəşr olunmuş “Hacı Zeynalabdin Tağıyev” adlı kitab-albomun foto-materiallarından və muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarovun “H.Z.Tağıyevin qız məktəbinin tarixindən” adlı kitabındakı məlumatlardan istifadə edilib.