Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ərizələrin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 16:25-ə olan məlumata görə, 14 min 496 subbakalavr elektron ərizəsini təsdiqlədib.
Xatırladaq ki, subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.
Subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünəməxsus deyilsə və ya nömrə dəyişilibsə, “Əlaqə məlumatları” bölməsində müvafiq düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.