54-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası onlayn formatda keçiriləcək

A- A A+

Bu il 54-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası onlayn formatda keçiriləcək. NUHÇIXAN İnformasiya Agentliyi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) saytına istinadla xəbər verir ki, bunu olimpiadanın təşkilat komitəsinin sədri, MDU-nun Kimya fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Stepan Kalmıkov söyləyib. O, texnologiyaların olimpiadanın onlayn formatda keçirilməsinə imkan verdiyini qeyd edib.

İyulun 13-dən başlayacaq olimpiadada 20-dən çox ölkədən nümayəndələr iştirak edəcəklər. Turnir onlayn keçirildiyi üçün bu il məktəblilər üçün yalnız iki nəzəri tur olacaq.

Olimpiadanın təşkilatçıları Moskva Dövlət Universitetinin Kimya fakültəsi, Andrey Melniçenko Fondu və “EuroChem” qrupudur.

Andrey Melniçenko Fondunun icraçı direktoru Aleksandr Çerednik deyib: “Beynəlxalq Mendeleyev Kimya Olimpiadası unikal təhsil layihəsidir. Olimpiada hər il müxtəlif ölkələrdən istedadlı uşaqları bir araya toplayır ki, gənc kimyaçılar öz biliklərini sınaqdan keçirə və istedadlarını göstərə bilsinlər. Bu, çox ciddi turnirdir: komandaların hazırlıq səviyyəsi ən yüksək səviyyədədir, çünki onlar məktəblilərin milli olimpiadalarının qaliblərindən ibarət olur. Buna görə də əminliklə demək olar ki, Beynəlxalq Mendeleyev olimpiadasında biz kimya elminin gələcək tədqiqatçıları ilə görüşürük”.

Beynəlxalq Kimya Olimpiadası dünyada məktəblilər arasında ən mühüm yarışlardan biri kimi tanınır. İştirakçılar üçün tapşırıqlar təqribən yarım il ərzində hazırlanıb. Bu tapşırıqlar kimya üzrə məktəb proqramının ən yüksək biliyinə hesablanıb. Olimpiadada beynəlxalq münsiflər heyətinin sədri, MDU-nun Kimya fakültəsinin Qeyri-üzvi kimya kafedrasının müdiri, professor Valentin Nenaydenko deyib: “Mendeleyev Olimpiadası statusuna görə Beynəlxalq Kimya Olimpiadasından (IChO) heç də geri qalmır, tapşırıqların səviyyəsinə görə isə onu üstələyir”.

Əvvəlcə 54-cü Beynəlxalq Mendeleyev Olimpiadasının aprelin sonunda Budapeştdə keçirilməsi planlaşdırılırdı. Lakin yeni növ koronavirus pandemiyasına görə onu onlayn formatda keçirmək qərara alınıb.

“EuroChem” qrupunun icraçı direktoru Petter Ostbonun fikrincə, belə mürəkkəb şəraitdə qarşımızda dayanan problemlərin həlli üçün öyrənmək və vərdişləri inkişaf etdirmək məqsədilə bizim heç olmasa virtual mühitdə toplaşmağımız vacibdir. Mendeleyev Olimpiadası gənclərin öz yaradıcılıq potensialını, təxəyyülünü, dayanıqlılığını – cəmiyyətin inkişafı üçün lazım olan bu keyfiyyətləri inkişaf etdirməsi üçün böyük önəm daşıyır.

Olimpiadanın təşkilat komitəsinin sədri Stepan Kalmıkovun sözlərinə görə, “Macarıstan tərəfi ilə əldə edilən ilkin razılaşmaya əsasən, 55-ci Olimpiada 2021-ci ilin yazında Budapeştdə keçiriləcək”. Hazırda isə Avstriya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Makedoniya, İsrail, Belarus, Macarıstan, Bolqarıstan, Suriya, Gürcüstan, Latviya, İran, Qazaxıstan, Estoniya, Qırğızıstan, Serbiya, Slovakiya, Tacikistan, Türkmənistan, Litva, Türkiyə, Rusiya və digər ölkələr Beynəlxalq Mendeleyev olimpiadasına onlayn rejimdə hazırlaşırlar.

Qeyd edək ki, Mendeleyev Kimya Olimpiadası 1967-ci ildə SSRİ-də ittifaq miqyaslı tədbir kimi start götürüb. Olimpiadanın tapşırıqlarını dünyanın hər yerindən aparıcı kimyaçı alimlərdən ibarət beynəlxalq münsiflər heyəti hazırlayır. Tədbirin işçi dili rus və ingilis dilləridir.

Olimpiadanın tərəfdaşları TASS informasiya agentliyi və “Rossiya seqodnya” sosial naviqatorudur.

Onlayn olimpiadanın açılış mərasimi iyulun 13-də, bağlanış mərasimi iyulun 18-də keçiriləcək. İyulun 14-də və 15-də müvafiq olaraq birinci və ikinci nəzəri turlar, 17-də apelyasiya olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: