Kurikulum islahatları: Azərbaycan tarixinin tədrisində qarşıya qoyulan tələblər

A- A A+

Ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə yüksək dəyərləndirən Ulu öndər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Dahi rəhbər həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyib, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalıb, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən, təhsil islahatlarının əsasını yaradıbdır. Bu siyasətin nəticəsidir ki,  bu gün təhsildə həm forma, həm də məzmunca ciddi dəyişikliklər gedir. Beynəlxalq təcrübənin son nailiyyətlərinə əsaslanan müasir milli təhsil sistemi yaradılır. Texnoloji nailiyyətlərə söykənən çağdaş dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin hədəfləri sürətlə dəyişir. Belə ki, intellektin, məntiqin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında bilik və bacarıqlarla bərabər dəyərlər bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Artıq müasir zamanda qlobal inkişaf tendensiyasına cavab verə bilməyən ənənəvi sistem yeni kurikulum islahatını meydana gətirdi ki, bu da müasir pedaqoji elmin uğurlarından biri kimi dəyərləndirilərək şagird şəxsiyyətinin inkişafına yönəlmiş təhsil standartlarını, yeni təlim strategiyalarını gündəmə çıxardı. Eləcə də müasir pedaqoji elmin ən yeni uğurlarından biri kimi şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin yaradılması işinə başlanıldı.          

Yeni kurikulumların yaradılması və tətbiqi təhsilə humanist və demokratik yanaşmanın bariz nümunəsidir. Bu konsepsiyanın nəzərə alınması ilkin olaraq ümumi təhsildə inteqrasiyanın həyata keçirilməsinə imkan yaradıbdır. Bu gün müəyyən tədris resurslarımızda bəzi yüklənmələr nəzərə çarpsa da, onlar təfəkkür məktəbinin qurulması istiqamətində atılmış ilkin addımlar kimi dəyərləndirilməklə, islahı gözlənilən və mümkün olan reallıqdır. Yeni təhsil kurikulumlarının tətbiqi müasir məktəbin fəallıq mexanizmi kimi başa düşülür. Təlim prosesində iştirak edən bütün şagirdlər bu mexanizmin yaratdığı imkandan istifadə etməklə fəaliyyət göstərir, çevik və mobil təfəkkür əməliyyatlarını həyata keçirə bilirlər. Onların tənqidi və yaradıcı fəaliyyətləri üçün geniş imkanlar açılmış olur. Şagirdlər sərbəst düşünə bilmək, axtarışlar aparmaq, müəyyən qənaətlərə gəlməklə qərarlar qəbul edərək fəal dərsin moderatoruna, aparıcı qüvvəsinə çevrilirlər.                             

Yeni kurikulumlar müəllim fəaliyyətinin idarə olunması, dəyərləndirilməsi baxımından da geniş əhəmiyyət daşıyır. Onlara əsasən işini quran müəllimlər özlərinin tədris fəaliyyətinin layihəsini hazırlamaqda, plan qurmaqda, fəaliyyət məqsədlərini həyata keçirməkdə, eləcə də texnologiyalar seçməkdə, yaxud onları müvafiq qaydada hazırlamaqda daha müstəqil olurlar.                                                   

Kurikulumların tələbinə əsasən valideyn və məktəb arasında münasibətlərin yenidən qurulması kimi mühüm pedaqoji hadisənin verilməsi müşahidə olunur. Maraqlı olan əsas tərəflərdən biri kimi onlar təhsilin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik bir ab-hava gətirirlər. Daha konkret mənada kurikulumlar şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq onların məhsuldar fəaliyyətini tənzimləyir. 

Təəssüf ki, yeni yanaşmalara əsaslanan təhsil innovasiyalarının, hər hansı bir yeniliyin həyata keçirilməsi həmin prosesə cəlb olunanlar tərəfindən heç də həmişə birmənalı qarşılanmır, bəziləri hətta ciddi müqavimət də göstərir, cəmiyyətdə müəyyən çaşqınlıq yaratmağa çalışır. Elə bunun nəticəsidir ki, bəzən ictimaiyyət arasında kurikulum islahatının təhsilimizi inkişafdan ləngitdiyi barədə fikirlər də  təəssüf  ki, söylənilməkdədir.

Şəxsi təcrübəmizə əsaslanaraq bu fikirdə olanlara aşağıdakı bəndləri xatırlatmağı özümüzə borc bilirik:

  1. Kurikulum islahatı dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunub və biz də müsbət nəticələrinin şahidi olmuşuq.
  2. Bu islahat müəllimdən işinə və icra etdiyi vəzifələrinə daha böyük məsuliyyətlə yanaşmağı,  peşəkarlıq səviyyəsi üzərində daim çalışmağı, tədris etdiyi fənləri və metodikanı mükəmməl bilməyi, yenilikləri daim izləməyi və mənimsəməyi, geniş erudisiyaya malik olmaqla yanaşı tədris prosesini yüksək səviyyədə təşkil etməyi tələb edir.
  3. Bu islahat kurikulumu yüksək səviyyədə mənimsəyən bacarıqlı, tədris-təlim prosesinə yaradıcı yanaşmağı bacaran səriştəli müəllimlər tələb edir.
  4.  Kurikuluma ciddi yanaşanlar, onun fəlsəfəsini aydın dərk edənlər həmişə uğur qazana bilirlər.
  5. Bu gün dünyanın mütərəqqi təhsil modeli kimi kurikulum ölkəmizdə də uğurla tətbiq edilir. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılırsa, bizim ölkəmizdə də kurikulum artıq milli təhsilimizin fundamentinə çevrilib.

Bəli, təhsilin məzmun və yeniləşməsi istiqamətində aparılan uğurlu islahatlar təhsil verənlərin üzərinə mühüm vəzifələr qoyur. Kurikulum islahatları, ilk növbədə müəllimin  hazırlıq səviyyəsinin yüksəldilməsini tələb edir. Milli təhsilimizin dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə inteqrasiyası günümüzün reallığıdır.  Bu islahatların tətbiqi ilə əlaqədar Azərbaycan tarixi fənninin tədrisi qarşısında da konkret tələblər qoyulmuşdur. Azərbaycan tarixinin ümumtəhsil məktəblərində tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa, öz soykökünü, adət-ənənələri, milli mənəvi dəyərlərə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə xidmət edir.           

Azərbaycan tarixi fənni şagirdlərdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək mənəvi keyfiyyətlərin, mühakimə yürütmək, qoyulmuş problemə fərqli baxış nümayiş etdirmək, öz nöqteyi-nəzərini əsaslandırmaq, hüquqlarını qorumaq, başqalarının hüquqlarına hörmətlə yanaşmaq, dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq bacarığının formalaşmasına xidmət edir.                                                                    

Azərbaycan tarixi fənn kurikulumunun əsas cəhətlərindən biri kimi nəticəyönümlülük şagird fəaliyyətinin ardıcıl izlənilməsini, onun nailiyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini təmin edir. Şagirdlərə gündəlik həyatda lazım olan zəruri bacarıqların aşılanmasını və onun ardıcıl olaraq inkişaf etdirilməsini ön plana çəkir. Təlim prosesi ilə gözlənilən nəticə arasında qarşılıqlı əlaqə üçün zəmin yaradır. Ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin əsas məqsədi məktəblilərdə vətənpərvərlik, fəal vətəndaşlıq mövqeyi, digər xalqlara, ümumbəşəri humanist dəyərlərə hörmət, ənənəvi və mədəni nailiyyətlərə əsaslanan əqidə prinsipləri, dövlətçilik ənənələrinə sədaqət hissi formalaşdırmaq üçün onlarda keçmiş və müasir dövrün hadisələrini sərbəst təhlil etmək, faktları ümumiləşdirmək, əldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin qiymətləndirməsində istifadə, tarixi mənbə, müxtəlif fikir və konsepsiyaları təhlil etmək, başqalarının fikirlərinə hörmət etmək, eləcə də sərbəst nəticə çıxarmaq və kollektivdə işləmək bacarıq və vərdişləri aşılamaqla hüquqi mədəniyyət formalaşdırmaqdan ibarətdir. Hər bir tarixi hadisə əvvəlki hadisələrlə bu və ya digər formada bağlıdır. Bu baxımdan Azərbaycan tarixi fənnini interaktiv fənn də adlandırmaq olar. Bu fənnin də tədrisi yüksək intellektə, geniş dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə səy göstərən şəxsiyyət formalaşdırmağa, ailəsini, vətənini, millətini sevən və s. mənəvi keyfiyyətlərə qadir vətəndaş tərbiyə etməyə xidmət edir. Qeyd olunan mühüm amillərin formalaşmasında Azərbaycan tarixi fənni üzrə təhsil proqramının (kurikulumun) mühüm cəhətlərindən olan məqsədyönümlülük müəllim tərəfindən daim təmin olunmalıdır. Nəticəyünümlülük pedaqoji prosesdə şagird fəaliyyətinin daim izlənilməsini, onun nailiyyətlərindəki irəliləyişlərin müntəzəm   qiymətləndirilməsini reallaşdırır.  

Azərbaycan tarixinin təlim strategiyaları baxımından tədrisində istifadə olunan fəal təlim üsulları mühüm əhəmiyyətə malikdir. Beyin həmləsi, diskussiya,  layihə hazırlığı, mühazirə, sorğu vərəqləri, müsahibə və b. üsullardan  istifadə də məhz bu qəbildəndir. Aparılan müşahidələr göstərir ki, tədris olunan mövzunun məzmunundan asılı olaraq dərsdə müxtəlif üsulların tətbiqinə ehtiyac yaranır. Bu üsullar ümumiləşdirmək, araşdırılan məsələ ilə bağlı faktlar haqqında müəyyən olunan qrupların ictimai rəyini öyrənmək məqsədi ilə aparılır. Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil  şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Belə layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir. Bu üsul, həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir  aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir. Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə  bunlardan birini seçmək imkanı verir. Problem,  həmçinin sinif tərəfindən “əqlihücum” üsulu ilə də seçilə bilər. Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani   vasitələri   (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər. İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına isə şagirdlər özü cavabdehdir. Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər, qrafiklər formasında ifadə oluna bilər. Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı  tərtib edilir və burada  suallar qoyulur. Açıq etiraf etməliyik ki, şagirdlərin fərdi, cütlər və qrup şəklində fəaliyyətini təşkil etmək bir çox cəhətdən çətindir. Buna görə şagirdlərin kollektiv fəallığını təmin edən üsullar daha çox tətbiq edilir. Qrup şəklində müzakirə üçün “Diskussiya” üsulu daha faydalıdır. Diskussiya mövzu ətrafında ideya,   məlumat,   təəssürat,   təhlil   və təkliflərin   qarşılıqlı   mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil  edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaradır. Müzakirə zamanı mövzuya aid bu və ya digər formada suallardan da istifadə oluna bilər.      

Şagirdlərin müstəqil olaraq Azərbaycan tarixindən müəyyən tədqiqatlar aparmaq üçün “layihə hazırlığı”  üsulu son dərəcə səmərəlidir. Şagirdlər bu prosesdə bir neçə cəhətdən faydalanırlar. Məsələn, bazar iqtisadiyyatı və iqtisadi dirçəlişlə əlaqədar tarixi faktlar və hadisələrin digər fənlərlə əlaqəsini göstərmək, tədqiqat fəaliyyəti ilə əlaqədar vaxtdan səmərəli istifadə edilməsi, şagirdlərin bir-birinə və ünsiyyətdə olanlarla  qarşılıqlı  fəaliyyətdə olması, bazar iqtisadiyyatı və iqtisadi dirçəlişlə bağlı tarixi hadisə və təzahürlərin hər hansı bir əməliyyatı daha dərindən öyrənməyə şəraitin yaradılması, mövzu ilə əlaqədar əlavə ədəbiyyatdan istifadə bacarığı, sosial və yaradıcı tədqiqat vərdişləri qazanılması və b. vərdişlərə yiyələnirlər. Ənənəvi təlimlə müqayisədə interaktiv təlimdə qarşılıqlı təsir dəyişir, aparıcının fəallığı öz yerini şagirdlərə güzəştə getməli olur. Aparıcının əsas vəzifəsi şagirdlərin təşəbbüsü üçün şərait yaratmaqdan ibarət olur. Ənənəvi dərsdən fərqli olaraq hazırda Azərbaycan tarixi fənninin tədrisi fəal təlimə əsaslanır. Kurikulumun tətbiqi tədrisin fəal təlim vasitəsilə keçirilməsi tələbini qarşıya qoyaraq standartların reallaşdırılmasına xidmət edir.                              

Təhsil müəssisələrində Azərbaycan tarixi   fənninin tədrisi prosesində  müasir təlim texnologiyalarının tətbiqi eləcə də qloballaşan dünyada   informasiya bolluğu yeni nəsil kadrların hazırlanmasını labüd edir. Bu baxımdan   Prezident İlham Əliyevin “qara qızılın” insan kapitalına çevrilməsi siyasətinin nəticəsində ölkədə təhsilin səviyyəsinin yüksəlməsi ilə yanaşı, gənclərimizin xaricdə təhsil imkanları daha da genişlənib, yüksək   intellektual   səviyyəli insan kapitalının formalaşması ilə nəticələnibdir. Ümumilikdə qəbul olunmuş qərar, fərman və sərəncamlar, islahatlar onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndiribdir. Bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Qəbul оlunmuş yeni Təhsil Qanunu və оna uyğun aparılan təhsil islahatları, bir-birinin ardınca tikilib istifadəyə verilən ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər, yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması Muxtar respublikamızda da təhsilin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir.

Arzu Abdullayev

Naxçıvan Dövlət Universitetinin müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: