Məktəblilərin yay tətili səmərəli təşkil olunur - FOTOLAR
Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə, məktəblilərin yay tətilində asudə vaxtının səmərəli təşkili, yaradıcılıq imkanlarının inkişafı məqsədilə tədbirlər davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar məktəbdənkənar müəssisələr öz işlərini onlayn qaydada və ara məsafə gözlənilməklə reallaşdırırlar.
Naxçıvan şəhər Uşaq Gənclər İdman Məktəbi mütəmadi olaraq məktəblilər arasında idman yarışları təşkil edir. Burada yüngül atletika və qaçış üzrə yarışlar keçirilir. Digər bir idman müəssisəsi Şahmat Mərkəzi də işini günün tələbləri səviyyəsində qurub və burada interaktiv məşğələlər keçirilir. Məqsəd şahmatın kütləviliyini təmin etmək, şagirdlərin bu sahəyə maraqlarını daha da artırmaq, şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində isə qədim tarixi olan dulusçuluq sənəti ilə bağlı, eyni zamanda hesablamanın xüsusi qaydaları haqqında dərslər keçirilir.
Naxçıvan MR Texniki Yaradıcılıq Mərkəzi məktəbdənkənar tərbiyə müəssisəsi olaraq tədris ili müddətində olduğu kimi yay tətili ərzində də uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkili və maraqlı keçirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirir.
Yay tətili günlərində Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə və Turist Diyarşünaslıq Mərkəzləri də məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini diqqət mərkəzində saxlayır.
Nurlana Əhmədova