Naxçıvan Bölməsinin yarımillik elmi və elmi-təşkilati hesabatı dinlənilib - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsində qurumun 2020-ci il üzrə yarımillik elmi və elmi-təşkilati hesabatı keçirilib.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən onlayn tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.
Bildirilib ki, təsdiq edilmiş plana uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 38 iş 23 şöbə, 9 labоratоriya və bir elmi-tədqiqat qrupunda yerinə yetirilib.
Tədqiqat dövründə Bölmə əməkdaşlarının 7 monoqrafiyası, 5 kitabı, bir metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı, 3 tezisi olmaqla 360 elmi əsəri çap olunub. Bir xəritə tərtib edilib. Əsərlərdən 2 monoqrafiya, bir kitab, 52 məqalə, 47 konfrans materialı xaricidə nəşr olunub.
Bölmədə 2 seriya üzrə “Elmi əsərlər” jurnalının 2, “Axtarışlar” jurnalının bir nömrəsi çapdan çıxıb, 2-ci nömrəsi isə çapa hazırlanıb.
Diqqətə çatdırılıb ki, Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb, obyektlər barədə kompüter məlumat bazasının yaradılması üçün materiallar sistemləşdirilib.
Bundan əlavə, Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərin 50 şagirdi bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib. Cari ildə 6 əməkdaşın rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib, əldə etdikləri nailiyyətlərə görə də diplom və medallar qazanıblar.
Bölmənin əməkdaşları respublikada və xaricdə keçirilən 12 beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər. Bundan əlavə, bölmədə yerinə yetirilən 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib. Əməkdaşlar açıq dünya ensiklopediyası olan vikipediyada 12 yeni məqalə, 10 yeni şablon yaradıb və 40-dan çox məqalə üzərində redaktə işləri aparıblar.
Tədbirdə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev və Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab ediblər.
Sonra bölmədə il ərzində həyata keçirilməsi planlaşdırılan məsələlər müzakirə edilib.