AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,konfrans Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda baş tutub.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, redaktor, ictimai xadim, rəssam Nağı Nağıyevin həyat və yaradıcılıq yoluna nəzər salıb. Bildirib ki, 70 illik ömrünün 40 ilini bədii yaradıcılığa həsr edən yazıçı dram əsərləri, roman, povest, hekayə, oçerklər ilə yanaşı, həm də müxtəlif xalqların ədəbiyyatlarından tərcümələr edib.
Əbülfəz Quliyev görkəmli yazıçının bir çox sahələrdə göstərdiyi uğurlu fəaliyyətinin öyrənilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıraraq institutun “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2020-ci il üçün növbəti sayının Nağı Nağıyevə həsr edildiyini bildirib.
Konfransda həmçinin, institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Nağı Nağıyevin tərcüməçilik fəaliyyəti”, şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Nağı Nağıyevin əsərlərində dil və üslub xüsusiyyətləri” və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Nağı Nağıyevin bədii nəsri” mövzusunda məruzələri dinlənilib.