Azərbyacan xalqının milli oyanışında və ictimai fikir tarixində önəmli hadisə olan anadilli mətbuatımızın yaradılmasının növbəti yubileyi də mürəkkəb pandemiya şəraitinə baxmayaraq, ölkəmizdə təntənə ilə qeyd edilir. Xalqımız özünün mətbu söz tarixinə bir daha nəzər salır, maarifçilik və istiqlal düşüncəsinin yayılmasında, dövlət müstəqilliyinin bərpasında və möhkəmlənməsində milli jurnalistikamızın oynadığı misilsiz rolu göz önünə gətirdikcə, haqlı olaraq, öyünc duyur.
Azərbaycan milli mətbuatının 145 illik yubileyi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir: “145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”.
Milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qapadıldıqdan sonra Həsən bəy Zərdabiyə bir daha ana dilində jurnalistika ilə məşğul olmaq imkanı verilmədi. “Ziya” və “Kəşkül” kimi nəşrlərin fəaliyyəti də uzun sürmədi. Bundan sonra 12 il ana dilində heç bir nəşr işıq üzü görmədi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları ana dilində qəzet və ya jurnallar çıxarmaq üçün dəfələrlə hökumət dairələrinə müraciət etdilər. Lakin çar hökuməti Azərbaycanda maariflənmə kimi, mətbuatın da inkişafına mane olur, buna imkan vermirdi. Ona görə də Azərbaycan əhalisi Yaxın Şərq ölkələrində çıxan mətbuat orqanlarını mütailə edirdi.
Lakin çar hökuməti müsəlman vətəndaşların yad təsirlərin altında qalmasına da göz yuma bilməzdi, ona görə də bu sahədə bəzi güzəştlərə getmək məcburiyyətində qaldı. Belə bir dözülməz şəraitdə çarizmin irəli sürdüyü maneələri aşmaq cəhdi XX əsrin ilk illərində fədakar maarifçi Məhəmməd ağa Şahtaxtlıya nəsib oldu. O, Parisdən qayıdaraq 1902-ci il aprelin 2-də Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə xahişnamə ilə müraciət etdi. Böyük çətinliklərlə ana dilində “Şərqi-Rus” adlı qəzetin Tiflisdə nəşrinə icazə ala bildi. Böyük maarif fədaisi burada “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi” adlı bir mətbəə də təşkil etdi.
1903-cü il martın 30-da xalqımızın mədəniyyəti tarixində, mətbuatımızın tarixində əlamətdar bir hadisə baş verdi: həmin gün ziyalılarımızın çoxdan bəri həsrətlə gözlədikləri əsrin ilk milli mətbuat nümunəsi meydana çıxdı. “Şərqi- Rus” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi xəbəri böyük əks-səda verdi.
Beləcə, XX əsrin əvvəllərində xalqın milli-mənəvi inkişafı uğrunda hərəkat daha da genişlənmiş oldu. Bu gəlişmələrdən ruhlanan böyük ədib yazırdı: “Güman edirəm ki, bütün müsəlman ziyalıları, həmçinin, ümumiyyətlə, zəhmətkeş, tərəqqiyə can atan kiçik xalqımızın inkişafının insanpərvər dostları məni müdafiə edəcək və bu işin mədəni əhəmiyyətini layiqincə anlaya biləcəklər”. Böyük satirik şairimiz Sabirin “Dindirir əsr bizi dinməyiriz, atılan toplara diskinməyiriz” – dediyi bir dövrdə – çarizmin istismarı, cəhalət və xurafatın tüğyan etdiyi şəraitdə “Şərqi-Rus” qəzeti dövrün mütərəqqi ziyalılarını öz ətrafına toplayaraq zülm altında əzilən xalqların xoşbəxt həyat arzularının tərcümanına çevrildi. Bu orqan XX əsr anadilli mətbuatın, milli mədəni birliyin ilk qaranquşu oldu.
“Şərqi-Rus” 1905-ci il yanvarın 15-dək nəşr olunmuşdur. M.Şahtaxtlı Peterburqa getməsi ilə əlaqədar 1904-cü ilin 23 noyabrından inanıb etibar etdiyi Cəlil Məmmədquluzadəni öz yerinə müvəqqəti redaktor təyin etmiş, görkəmli ədibimiz qəzet bağlanana qədər bu vəzifəni icra etmişdir. Bu qəzetin mədəniyyət və ədəbiyyatımız tarixində çox böyük xidmətləri olmuşdur. Belə ki, Məmməd Əmin Rəsulzadənin xalqa müraciəti, Ömər Faiq Nemanzadənin dərin məzmunlu, alovlu publisistik əsərləri, Firudin bəy Köçərlinin ədəbi əsərləri, Cəlil Məmmədquluzadənin ilk mətbu əsəri olan “Poçt qutusu” hekayəsi bu qəzetdə nəşr olunmuşdu. Məmməd Səid Ordubadinin, Mirzə Ələkbər Sabirin, Abdulla Surun, Əliqulu Qəmküsarın ilk mətbu əsərləri də bu qəzetdə işıq üzü görmüşdü.
Cəlil Məmmədquluzadənin bir jurnalist kimi yetişməsində “Şərqi-Rus” ilk yaradıcılıq məktəbi rolunu oynamışdır. “Xatiratım”da o, bu hadisəyə belə qiymət verir: “Möhtərəm ədibimiz M.Şahtaxtlı öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi”.
“Şərqi-Rus” iki ildən az bir müddət çap olunmasına baxmayaraq, Azərbaycan ictimai fikri tarixində, milli mətbuatımızın tarixində böyük bir hadisə olmuşdu. Böyük naşir “Şərqi-Rus”un fəaliyyəti ilə XX əsr Azərbaycan milli mətbuatına yol açdı. Bu qəzet, eyni zamanda, “Molla Nəsrəddin” jurnalının baş məşqinə çevrilmişdi.
O zaman Azərbaycanda mətbuat işində çalışan olmadığı üçün Məhəmməd ağa Şahtaxtlı əvvəl həftədə 3 gün, sonra həftədə 5 gün nəşr olunan qəzet üçün ədəbi işçi, mürəttib tapa bilmirdi. Bu iş üçün o, daha çox varlığı ilə bağlı olduğu doğma torpaqdakı, Naxçıvandakı həmyerlilərinin gücündən istifadə etməyə çalışırdı. Qəzet öz səhifələrində Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi, ədəbi mühitə də qayğı göstərir, nəzm və nəsr yazanları həvəsləndirirdi. Təsadüfi deyildir ki, yuxarıda da qeyd etdiyimiz kimi, böyük satira ustası Mirzə Cəlilin mətbuat dünyasına gətirən yol “Şəri-Rus”dan başlayırdı.
Məhəmməd ağa digər Naxçıvan ziyalıları ilə də əlaqə saxlayır, məktublaşır, onları qəzetin redaksiyasına cəlb etmək istəyirdi. Görkəmli ədib xüsusilə o dövrün tanınmış Naxçıvan ziyalılarından Məhəmməd Tağı Sidqini, Qurbanəli Şərifzadəni qəzetdə işləməyə, onunla əməkdaşlıq etməyə dəvət edirdi.
M.T.Sidqi əziz dostunun Tiflisə qəzet redakiyasında işləməyə dəvətini ailə vəziyyəti ilə əlaqədar qəbul etməmiş, ancaq Naxçıvanda yaşayıb qəzetin abunə işlərinə kömək etmiş, qəzetdə sanballı məqalələrlə iştirak etmişdir. Bunu Sidqinin M.Şahtaxtılıya yazdığı məktublarda da müşahidə edirik.
Pedaqoji fəaliyyətlə yanaşı, publisistika, jurnalistik fəaliyyətlə də məşğul olan M.T.Sidqi dövrün bir sıra mətbuat orqanlarında çıxış etmiş, əsl mənada qəzetçi kimi tanınmışdı. Ona görə də ana dilində “Şərqi-Rus” qəzetinin nəşri xəbəri böyük maarif xadimini ürəkdən sevindirmişdi. M.T.Sidqi qəzetin nə vaxt işıq üzü görəcəyini, bunun milli tərəqqi yolunda mühüm bir hadisə olacağını “Şərqi-Rus”un redaktoruna yazdığı məktubda önəmlə vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik və mərifət çırağı cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.
Görkəmli publisist milli dildə, ana dilində qəzetin nəşri xəbərini böyük sevinclə qarşıladığını bəyan edərək göstərirdi ki, həqiqətən bu xoş xəbər bütün elm və mədəniyyət xadimlərinə, xüsusilə, bu vilayətin bütün elm sahiblərinə yeni bir ruh və sevinc bəxş etmişdir. İnsana elə gəlirdi ki, guya Şərqdə yeni günəş doğdu və ulduzlar parladı.
O, redaktoru bu münasibətlə ürəkdən təbrik etmiş, bundan sonra Azərbaycan dilində milli qəzetin nəşrinin millətin alim və ədibləri ilə “avam və cahilləri arasında vasitə olub nəşri-maarifə” davam edəcəyinə ümidvar olduğunu bildirmişdi. Maarifçi ədibin qəzetdə nəşr etdirdiyi bir neçə məqalə, xüsusilə, “Qazetə, yaxud qəzet nədir” məqaləsi diqqəti cəlb edir: “Xülasə, uzun bir mərəkə...və illa yerdə qalan əhalinin hamısı qəzetədən rugərdan olub və bəlkə qazet kəlməsindən tənəffür edirlər. Bu günə müsəlmanlar arasında ərəbi olsun, farsi olsun, türki olsun, adına ki, qazet dedin iş tamamdır. Ondan sonra hər nə desən məhəlli-etina və layiqi-təvəccöh deyildir”.
Böyük təəssüf hissilə qeyd etməliyik ki, görkəmli pedaqoq və publisist Məhəmməd Tağı Sidqi cəmi 49 il ömür sürmüşdür. Sidqinin qəflətən vəfat etməsi bütün ziyalıları yasa boğduğu kimi, “Şərqi- Rus”un əməkdaşlarını da dərindən kədərləndirmişdi. Təsadüfi deyildir ki, burada Sidqinin ölümü ilə əlaqədar bir sıra yazılar, vida məqalələri çap olunmuşdu.
“Şərqi-Rus”un ədəbiyyat aləminə təqdim etdiyi istedadlı gənclərdən biri də yuxarıda adını çəkdiyimiz görkəmli tarixi roman ustası M.S.Ordubadi olmuşdur. Şair Hacağa Fəqir Ordubadinin ailəsində yetişmiş Məmməd Səid uşaqlıqdan poeziya həvəskarı idi. M.Sidqinin yetirməsi olan Məmməd Səidin təbrik mövzusunda ilk mətbu şeiri də “Şərqi- Rus”da işıq üzü görmüşdü. Şairin “Şərqi-Rus” qəzeti ilə əməkdaşlığı onun yaradıcılığına müsbət təsir göstərmişdi. Səid bu illərdə mütaliəyə böyük həvəs göstərir, özünün yazdığı kimi, şeirə və yazıçılığa marağı gündən-günə artırdı, 1904-cü ildə “Qəflət” əsərini yazıb bitirmişdi.
Naxçıvanın tanınmış ziyalılarından Əyyub ağa Kəngərlinski də “Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq edirdi. Səbur təxəllüsü ilə şeirlər yazan Ə. Kəngərlinski qəzetə şeiri ilə yanaşı göndərdiyi təbriknaməsində bildirirdi: “Müddətlərcə intizarını çəkdiyimiz “Şərqi-Rus” qəzetəsi şükr olsun ki, mətbuat aləminə qədəm qoydu və bu səadətli gündə bizim ana dilimizdə və milli lisanımızda nəşr olunan ruznaməyə həsrət olan gözlərimiz onun mütaliəsi ilə işıqlandı. Şad ol gözüm, həmişə ki, şad eylədin məni!”
Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri kimi şair-dramaturq Hüseyn Cavid də XX əsrin ilk anadilli qəzetinin nəşrini alqışlayanlardan biri olmuşdur. Qəzetin nəşr olunduğu illərdə Cənubi Azərbaycanda- Urmiyədə müvəqqəti yaşayan görkəmli sənətkar Tiflisdən uzaqlarda olmasına baxmayaraq, qəzetin ən fəal oxucularından biri idi və bu mətbuat orqanında üç publisistik məqalə ilə çıxış etmişdir.
Cavid əfəndinin “Naxçıvandan təbsirə” başlığı altında başqa bir publisistik məqaləsi qəzetin 27 avqust 1904-cü il tarixli nömrəsində dərc olunmuşdur. Müəllif əvvəlki məqaləsindəki fikirləri burada davam etdirir, islam tarixinə nəzər salır. Son dövrlərdə elmi və texniki inkişaf sahəsində Avropanın Şərqdən xeyli irəli getdiyini göstərir. Bu inkişaf oxumaq və maarif sayəsində həyata keçirilmişdir deyə yazır. Bu sahədə gənclərə dil öyrənməyin vacibliyini tövsiyyə edir.
Görkəmli satirik şair və jurnalist Əliqulu Qəmküsar məşhur Molla Nəsrəddinçilərdən biri kimi tanınır. Amma onun ilk mətbu əsərləri hələ 1903-cü ildə XX əsrin ilk Azərbaycan dilli mətbuat orqanında-”Şərqi-Rus”da işıq üzü görmüşdü. Naxçıvanda yaşadığı dövrdə o, “Şərqi-Rus” qəzeti ilə sıx əlaqə saxlayırdı. Yaşadığı bölgədə rast gəldiyi hadisələri, təsadüf etdiyi problemləri qəzetdə işıqlandırırdı. Onun “Culfadan” sərlövhəli pubsisit yazılarında qəflət yuxusu, cəhalət, mövhumat, fanatizm qətiyyətlə tənqid olunurdu. “Şərqi-Rus”un təsirilə artıq qəflət əleyhinə mübarizə kütləvi və kəskin xarakter almış, qələm əhlinin mənəvi borcuna çevrilmişdi. Ə.Qəmküsarın “Culfadan” adlı silsilə publisistik məqalələrinin birində epiqraf kimi verilmiş “Dinəndə yandı dilim, dinməyəndə dil yandı; nə dərdi gizlədə bildim, nə aşikar elədim” beyti təkcə bir müəllifin deyil, bütövlükdə qəzetin, ziyalıların ədəbi mövqeyini ifadə edirdi.
“Şərqi-Rus” və onun naşiri böyük maarif fədaisi M.Şahtaxtlının ədəbi-elmi yaradıcılığı, publisistik irsi sovet dövrü ədəbiyyatşünaslığında, demək olar ki, öz layiqli qiymətini almamışdır. Nə yaxşı ki, Naxçıvan Ali Məclisinin Sədrinin 27 fevral 2006-cı il sərəncamı ilə böyük maarif fədaisinin anadan olmasının 160 illiyi qeyd olunmuşdur. Həmin sənəddə göstərildiyi kimi, Məhəmməd ağa Şahtaxtlı mədəniyyətlərin yaxınlaşmasına, Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin Azərbaycana gətirilməsinə çalışmış, xalqımızın maariflənməsi və mətbuatın tərəqqisi yolunda səyini əsirgəməmişdir.
Görkəmli ədibin seçilmiş əsərləri ilk dəfə nəşr olunmuş, elmi irsi milli müstəqilliyimizin verdiyi imkanlar səviyyəsində tədqiq edilmişdir. Naxçıvan şəhərindəki kitab evinə onun adı verilmişdir. Doğma diyardakı küçələrdən biri maarifçi ədibin adını daşıyır. Eyni zamanda, anadan olduğu Şahtaxtı kəndində Şahtaxtinskilərin ev muzeyi təşkil olunmuşdur.
Bu günlərdə yaradılmasının 145 illiyi tamam olan milli mətbuatımızın tarixinə adı XX əsrin ilk anadilli mətbuat orqanı, ilk dəfə həftədə 3 və 5 dəfə çıxan gündəlik qəzet kimi daxil olan “Şərqi-Rus” öz ictimai amalı və təcrübəsi ilə sonrakı dövrdə mətbu fəaliyyətin artıb-çoxalmasına ciddi təkan vermiş, jurnalistika salnaməmizi zənginləşdirmiş və şərəfləndirmişdir.
Əbülfəz QULİYEV,
AMEA-nın müxbir üzvü, professor