Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri yerinə yetirilir
Avropa Kosmik Agentliyinin kosmik missiyalarından biri olan GAIA (Global Astrometric Interferometer for Astrophysics) 2013-cü ildən Yer orbitinə çıxarılıb. Hazırda Avropa İttifaqının əksər elmi tədqiqat mərkəzləri GAIA-nın müşahidələrinin təhlili ilə məşğuldur. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) qurumun direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və professor Nəriman İsmayılovun təşəbbüsü ilə 2019-cu ildən GAIA missiyasının OPTIKON tədqiqat qrupu ilə əməkdaşlığa başlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AMEA-dan məlumat verilib. Bildirilib ki, əməkdaşlıq proqramının məqsədi GAIA-nın aşkar etdiyi qeyri-adi naməlum tranziyent obyektlərin fiziki xassələrinin daha geniş zaman kəsiyində yerüstü müşahidələrlə öyrənilməsidir. Rəsədxanada bu işləri yerinə yetirmək üçün 2 metrlik teleskopun işıqqəbuledicilərində bir sıra yenilənmə işləri həyata keçirilib. Belə ki, çox zəif obyektlərin 2 metrlik teleskopun Kasseqren fokusunda spektral müşahidəsini aparmaq üçün fizika üzrə fəlsəfə doktoru, dosent Xıdır Mikayılovun rəhbərliyi ilə cihaz kompleksi işlənib hazırlanıb.
Kosmik tranziyent obyektlərin spektral müşahidəsi ilə eyni vaxtda fotometrik müşahidə də mühüm əhəmiyyətə malikdir. Həmçinin sinxron olaraq fotometrik müşahidəni həyata keçirmək üçün ŞAR-ın 2 metrlik teleskopunda unikal sistem quraşdırılıb: teleskopun yönəldici köməkçi teleskop-refraktorlarından birində (D=30 mm, F=5050 mm) CCD fotometr quraşdırılıb. Həmin fotometr Kasseqren fokusunda işləyən spektroqraf kompleksi ilə mərkəzləşdirilib. Beləliklə, eyni zamanda müşahidə edilən obyektin həm spektri alınır, həm də müxtəlif süzgəclərdə fotometrik parlaqlığı qiymətləndirilir. Hazırda GAIA OPTIKON layihəsi ilə əməkdaşlıq çərçivəsində bu və digər seçilmiş obyektlərin ŞAR teleskoplarında müşahidəsi aparılmaqdadır.
Layihə çərçivəsində rəsədxananın əməkdaşları - professor Nəriman İsmayılov, dosent Xıdır Mikayılov, İlqar Ələkbərov və gənc tədqiqatçılar - dosent Orxan Xəlilov, Sərxan Bağırlı, Səbahəddin Alışov Beynəlxalq Varşava Universiteti Astronomiya Rəsədxanasının əməkdaşları ilə birgə Gaia20cgo / SN2020jee ifrat yeni ulduzunun mayın 21-dən iyunun 23-dək sinxron olaraq spektral və fotometrik müşahidələrini aparıblar.
İlk dəfə 2020-ci ildə çox zəif parlaqlıqlı MCG+03-30-48 qalaktikasında aşkar olunan bu ifratyeni ulduzun partlayışın maksimumunda və ondan sonra 4 gecə unikal spektrləri alınıb, parlaqlığı qiymətləndirilib. Göstərilib ki, maksimum parlaqlıq ətrafında ifratyeni fotosferi təxminən 10000 km/s sürətlə genişlənib. Alınmış müşahidə materialları ilkin olaraq təhlil edilib və “The Astronomers Telegram”da dərc edilib. İfratyeni ulduzlarda baş verən partlayışların müşahidəsindən alınan bu faktlar partlayışın baş verdiyi qalaktikalara qədər olan məsafəni təyin etmək üçün əlverişli metoddur.
Qeyd edək ki, qalaktikalara qədər məsafənin dəqiqləşdirilməsi kainatın düzgün yaşını təyin etmək və məsafələr şkalasını dəqiqləşdirmək üçün böyük əhəmiyyət kəsb edir.