AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu bölmənin Elmi Kitabxana ilə birgə oxunması zəruri olan kitablar siyahısına daxil olan Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanının onlayn müzakirəsini keçirib.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə institutun direktoru Tofiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının əhəmiyyətindən, bu sənədin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və onların dünyagörüşlərinin artırılmasındakı rolundan danışıb.
Alim tövsiyə olunan nəşrlər sırasında Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanından danışarkən bildirib ki, müasir dövrümüzdə cəmiyyət həyatında baş verən prosesləri dolğun təsvir edən romandakı hadisələr keçmiş tariximizə işıq salır, həmçinin bu günün reallıqları ilə də səsləşir.
Sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin romanın mövzusu ilə bağlı məruzəsi dinlənilib.
Bildirib ki, 100-dən artıq kitabın müəllifi olan yazıçının əsərləri türk, ərəb, fars, rus, ingilis, alman, fransız, ispan, gürcü, özbək, türkmən, çex və digər dillərə tərcümə edilib. Onun “Qaçqınlar” silsiləsindən “Qarabağ şikəstəsi” və “Bayraqdar” povestləri çoxsaylı tənqidçi və resenzentlər tərəfindən qaçqın və köçkünlərimiz haqqında yazılmış ən sanballı əsərlər kimi qiymətləndirilib.